PDF Oxu

Siyasət

  • 659

Musiqidən mediaya, İKT-dən təhsilə: 11 ərazi partiya təşkilatı VIII Qurultayın vəzifələrini müzakirə edib

Musiqidən mediaya, İKT-dən təhsilə: 11 ərazi partiya təşkilatı VIII Qurultayın vəzifələrini müzakirə edib

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 11 ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Müşavirə YAP Nəsimi rayon təşkilatının akt zalında təşkil edilib və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub. Müşavirəyə aşağıdakı ərazi partiya təşkilatları qatılıb:

H. B. Əliyev küçəsi 54 üzrə (20 nömrəli Uşaq Musiqi Məktəbi);
S. Vurğun küçəsi 79 üzrə (7 nömrəli Uşaq Musiqi Məktəbi);
Bülbül prospekti 18 üzrə («Xalq» qəzeti);
Ü. Hacıbəyov küçəsi 32 üzrə («Yeni Azərbaycan» qəzeti);
Mərdanov Qardaşları küçəsi 113 üzrə («Bakı Tikiş Evi» ASC);
S. Rüstəm küçəsi 31 üzrə («Caspel» MMC);
S. Vurğun küçəsi 35 üzrə (Heydər Əliyev Sarayı);
C. Məmmədquluzadə küçəsi 85 üzrə («Azər-Türk Bank» ASC);
Tbilisi prospekti 57 D üzrə (Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu);
S. Vurğun küçəsi 151 üzrə (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi);
V. Plotnikov küçəsi 24 üzrə («Bilik» Cəmiyyəti).

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. O, Partiya Sədrinin qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, müstəqil və fəal xarici siyasəti, iqtisadi sabitliyin qorunmasını və «Böyük Qayıdış»ı sadalayıb. Azər Süleymanov Partiya Sədrinin YAP fəalları qarşısında qoyduğu tapşırıqlardan da danışıb. Bu tapşırıqlar ideoloji işin şablonlardan uzaq, müasir formatda qurulması və Azərbaycan reallıqlarının hər bir vətəndaşa çatdırılmasıdır. O qeyd edib ki, müşavirədə mədəniyyət, media, biznes, maliyyə, sosial və təhsil sahələrinin nümayəndələrinin bir araya gəlməsi bu vəzifələrin cəmiyyətin bütün təbəqələrini əhatə etdiyini göstərir.

S. Vurğun küçəsi 79 üzrə ərazi partiya təşkilatının sədri, 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə Əliyeva dövlət başçısının ideoloji təhlükəsizlik və vətənpərvərliklə bağlı fikirlərinə toxunub. O bildirib ki, milli musiqi xalqın yaddaşını və kimliyini nəsildən-nəslə ötürür. Uşaqların milli musiqi ruhunda tərbiyəsi isə onların vətənpərvər vətəndaş kimi yetişməsinə mühüm töhfədir. Samirə Əliyeva musiqi məktəblərinin gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindəki rolunu vurğulayıb.

S. Rüstəm küçəsi 31 üzrə ərazi partiya təşkilatının sədri, «Caspel» MMC-nin İdarə Heyətinin sədri Ceyhun Quliyev dövlət başçısının qurultayda səsləndirdiyi iqtisadi göstəricilərdən danışıb. O xatırladıb ki, ölkəmizin valyuta ehtiyatları 90 milyard dollara çatıb, xarici borc isə ÜDM-in cəmi 5,6 faizini təşkil edir. Son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumlarında da 20 milyard dollardan çox kontrakt imzalanıb. Ceyhun Quliyev bildirib ki, bu göstəricilər Azərbaycan iqtisadiyyatına olan inamın ifadəsidir və özəl sektorun inkişafı üçün əlverişli mühit yaradır.

Bülbül prospekti 18 üzrə ərazi partiya təşkilatının sədri, «Xalq» qəzetinin İnformasiya və multimedia şöbəsinin müdiri Səbuhi Məmmədov Partiya Sədrinin informasiya mübarizəsi ilə bağlı fikirlərinə diqqət çəkib. O xatırladıb ki, dövlət başçısı xaricdə Azərbaycan dilində yaradılan resursların xalqımızı çaşdırmaq və gənclərin beynini zəhərləmək məqsədi daşıdığını bildirib. Səbuhi Məmmədov vurğulayıb ki, bu təhlükəyə qarşı ən təsirli cavab Azərbaycan dilində keyfiyyətli, müasir və faktlara əsaslanan media məzmununun yaradılmasıdır. Mətbuat nümayəndələrinin bu işdə xüsusi məsuliyyət daşıdığını qeyd edib.

Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.

Digər xəbərlər