Astara Pedaqoji Kollecində tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işləri barədə məlumatlandırılması məqsədilə “Böyük Qayıdış” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir işğal olunmuş ərazilərin alınmasında canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, ardınca himn səsləndirilib
Tədbirdə çıxış edənlər - “Humanitar fənlər” FBK-nın müəllimli, metodist, kollecin Həmkarlar təşkilatının sədri Elçin Mahmudov, Tarix müəllimləri Azad Hüseynzadə və Səbinə Zeynallı Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, doğma yurdlarına qayıdan insanların sevincindən, həmin ərazilərdə müasir infrastrukturun yaradılmasından və bölgənin gələcək inkişaf perspektivlərindən bəhs ediblər.
Tədbirdə çıxış edən tələbələr Böyük Qayıdışın xalqımızın tarixi Zəfərinin məntiqi davamı, milli qürurumuzun və dövlətimizin qüdrətinin təcəssümü olduğunu vurğulayıblar. Onlar işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişinin hər bir azərbaycanlı üçün böyük sevinc və qürur mənbəyi olduğunu qeyd edərək, gənclərin ölkəmizin inkişafında fəal iştirakının vacibliyindən danışıblar.
Sonda vurğulanıb ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıdışı deyil, həm də həyatın yenidən canlanması, tarixi yurdlarımızın dirçəlişi və gələcək nəsillərə ötürülən böyük Zəfər salnaməsidir.