PDF Oxu

Siyasət

  • 609

“Azərbaycan–Özbəkistan: əbədi dostluq, sarsılmaz birlik” adlı tədbir keçirilib - FOTO

“Azərbaycan–Özbəkistan: əbədi dostluq, sarsılmaz birlik” adlı tədbir keçirilib - FOTO

31 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə İdarə tərəfindən həyata keçirilən “Dəyərlərimizi qoruyaq!” layihəsinin fəaliyyət planına uyğun olaraq “Azərbaycan–Özbəkistan: əbədi dostluq, sarsılmaz birlik” adlı tədbir keçirilib.

Tədbirin əsas məqsədi iki xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin, ortaq milli-mənəvi dəyərlərin və zəngin mədəni irsin gənc nəsil arasında təbliği, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də iki dövlət arasında təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın təşviqindən ibarət olub.

İki dost və qardaş xalqı birləşdirən ortaq tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin və dostluq ənənələrinin təbliğinə həsr olunmuş tədbirdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, səfirliyin nümayəndələri, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektorun əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə hər iki xalqın milli-mədəni irsini, adət-ənənələrini və ortaq mənəvi dəyərlərini əks etdirən guşələrlə, həmçinin Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir hər iki dövlətin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra şagirdlərin ifasında iki qardaş xalqın zəngin mədəniyyətini, tarixi irsini, milli adət-ənənələrini və dostluq münasibətlərini əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, öz xalqının tarixini, mədəniyyətini və zəngin irsini dərindən bilən şəxsiyyətlər kimi yetişməsinin əhəmiyyətini vurğulayıb.

Günay Qurbanova bildirib ki, təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, dost və qardaş xalqların mədəni irsinə marağının artırılması, ortaq tarixi-mədəni əlaqələr barədə biliklərinin zənginləşdirilməsi mühüm əhəmiyyət daşıyır. O, bu cür maarifləndirici və mədəni tədbirlərin şagirdlərin dünyagörüşünün genişlənməsinə, yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişafına, istedad və potensiallarının üzə çıxarılmasına əlverişli imkanlar yaratdığını qeyd edib.

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxışında iki xalqı birləşdirən çoxəsrlik dostluq və qardaşlıq ənənələrindən, ortaq tarixi köklərdən və mədəniyyət yaxınlığından bəhs edib. Səfir dost və qardaş dövlətlər arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafının, xüsusilə gənc nəslin qarşılıqlı tanışlıq və mədəni mübadilə imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, xalqların zəngin mənəvi irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edən bu cür təşəbbüsləri yüksək qiymətləndirərək tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında iki qardaş xalqın ortaq tarixi-mədəni irsindən, milli-mənəvi dəyərlərindən və dostluq ənənələrindən söz açıb. O, bu dəyərlərin qorunmasının və gənc nəslə aşılanmasının əhəmiyyətini qeyd edərək təhsil və mədəniyyət yönümlü tədbirlərin qarşılıqlı anlaşmanın, dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Tədbir çərçivəsində təqdim olunan ədəbi-bədii kompozisiyalar hər iki xalqın zəngin mədəni irsini, ortaq mənəvi dəyərlərini və dostluq ənənələrini nümayiş etdirib.

Sonda qonaqlarla birgə xatirə fotosu çəkdirilib.

Digər xəbərlər