PDF Oxu

Siyasət

  • 579

Tovuzda Zəfər Gününə həsr olunmuş müəllimlər arasında intellektual yarış keçirilib - FOTOLAR

Tovuzda Zəfər Gününə həsr olunmuş müəllimlər arasında intellektual yarış keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının,Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi – milli qürurumuzdur” mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yarış Tovuz rayon Nizami adına Mədəniyyət Evində keçirilib.
Yarışda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aparıcı tədbiri açıq elan edərək qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Artıq altıncı ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd etdiyimiz bu möhtəşəm Zəfər xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz əzminin təcəssümüdür. Vurğulanıb ki, Zəfər Gününə həsr olunmuş intellektual yarışın əsas məqsədi şanlı tariximizin gənc nəsil arasında təbliği, onların vətənpərvərlik ruhunda yetişməsi və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir.
Tədbir çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “LA” rəsm kursunun şagirdləri tərəfindən yarış boyunca Zəfər Gününə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Yarışda rayonun ümumtəhsil, orta ixtisas və peşə təhsili müəssisələrini, eləcə də mədəniyyət sahəsini təmsil edən ümumilikdə 23 komanda iştirak edib. Hər biri 6 nəfərdən ibarət olan komandaların ümumi tərkibi 138 nəfər təşkil edib. Yarışın qaydalarına uyğun olaraq, hər komandadan 5 nəfər olmaqla, ümumilikdə 115 nəfər eyni vaxtda mübarizə aparıb.
Üç turdan ibarət gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, birinci yerə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbinin “Alpaqut” komandası, ikinci yerə Tovuz şəhəri Nəsrəddin Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin “Tusi” komandası, üçüncü yerə isə Tovuz rayonu Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta ümumtəhsil məktəbinin “İbrahimhacılı” komandası layiq görülüb.
Tədbirin sonunda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov qalibləri təbrik edib, yarışın təşkilində əməyi olan qurumlara və iştirakçılara minnətdarlığını bildirib.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub. Eyni zamanda, “Turan Tovuz” Futbol Klubu tərəfindən qalib komandaların kapitanlarına idman formaları hədiyyə edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

Digər xəbərlər