PDF Oxu

Siyasət

  • 509

Şuşanın azadlığı – Azərbaycan tarixinin əbədi Zəfər səhifəsi - ŞƏRH

Şuşanın azadlığı – Azərbaycan tarixinin əbədi Zəfər səhifəsi - ŞƏRH

Şuşa Azərbaycan xalqının milli qürurunu, tarixi yaddaşını və mənəvi bütövlüyünü özündə yaşadan şəhərdir. Uzun illər işğal altında qalmasına baxmayaraq, bu qədim yurdun azadlığı xalqımızın ən böyük arzularından biri olaraq qaldı. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti nəticəsində Şuşanın işğaldan azad edilməsi bu arzunu gerçəyə çevirdi. Həmin gün Azərbaycan tarixində yeni bir səhifə açıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” sözləri isə xalqımızın illərlə gözlədiyi sevincin və tarixi ədalətin bərpasının ifadəsinə çevrildi. Dövlət başçısının vurğuladığı kimi, bu Qələbə danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında qazanıldı. Noyabrın 8-i Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, milli iradəmizin və hərbi qüdrətimizin təntənəsi kimi daim xatırlanacaq.
Şuşanın azadlığı ilə qarşıda şəhərin yenidən qurulması, tarixi görkəminin qorunması və əvvəlki şöhrətinin qaytarılması kimi mühüm vəzifələr dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı tədbirlərə başlanıldı. Dövlət başçısının Şuşaya mütəmadi səfərləri, müxtəlif layihələrin təməlinin qoyulması və açılış mərasimlərində iştirakı şəhərin inkişafına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Tarixi abidələrin, məscidlərin, muzeylərin və mədəniyyət ocaqlarının bərpası, yolların, yaşayış binalarının və sosial infrastrukturun yenilənməsi Şuşanın müasir simasını formalaşdırır. Şəhərin mədəni həyatının canlandırılması, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi isə onun milli-mənəvi dəyərlərimizin yaşadıldığı mühüm mərkəz kimi mövqeyini möhkəmləndirir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, Türk dünyasının mədəniyyət paytaxtı və İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi də bu şəhərin beynəlxalq nüfuzunun göstəricisidir.
Şuşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. “Şuşanın azad olunmasına görə” medalının təsis edilməsi Vətən uğrunda fədakarlıq göstərən hərbi qulluqçuların xidmətlərinə ehtiramın ifadəsidir. Hər il noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi qeyd edilməsi isə bu tarixi hadisənin əhəmiyyətini daha da ön plana çıxarır. Bu gün Şuşa işğalın izlərini geridə qoyaraq quruculuq, inkişaf və qayıdış mərhələsini yaşayır. Doğma sakinlərin şəhərə qayıdışı, yeni infrastrukturun yaradılması, beynəlxalq tədbirlərin təşkili Şuşanın həyatına yeni məzmun verir. Ən əsası, bu qədim şəhər bir daha sübut edir ki, xalqın tarixi yaddaşını, milli kimliyini və doğma torpağa bağlılığını heç bir qüvvə silə bilməz. Şuşa bu gün azad Azərbaycanın Zəfər rəmzi, milli ruhumuzun və mədəniyyətimizin əbədi ünvanıdır.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər