Şuşanın azad edilməsi ilə Azərbaycanın tarixində yeni bir mərhələnin əsası qoyuldu. Uzun illər işğal altında qalan, tarixi-mədəni irsinə ciddi ziyan vurulan şəhərin yenidən qurulması, əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərinin doğma yurda qayıdışının təmin edilməsi dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən birinə çevrildi. Bu gün Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın öz tarixi torpaqlarına sahib çıxmaq əzmini, iqtisadi imkanlarını və gələcəyə hesablanmış inkişaf strategiyasını aydın şəkildə nümayiş etdirir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsindən sonra şəhərə ilk səfəri 2021-ci il yanvarın 15-də baş tutdu. Dövlət başçısının Cıdır düzündə olması, azad edilmiş şəhərin tarixi məkanlarına baş çəkməsi Şuşanın yeni həyatının başlanğıcını simvolizə edən mühüm hadisə idi. Bu səfərdən sonra Prezident İlham Əliyevin Şuşaya mütəmadi səfərləri şəhərin bərpası, infrastrukturunun yenilənməsi, sosial və mədəni həyatının canlandırılması istiqamətində həyata keçirilən işlərin dövlət başçısının şəxsi diqqətində olduğunu göstərdi.
2021-ci ilin may ayında Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri çərçivəsində bir sıra mühüm layihələrin açılış və təməlqoyma mərasimləri keçirildi. Şəhərin enerji təminatının yaxşılaşdırılması məqsədilə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının istifadəyə verilməsi infrastruktur quruculuğunun mühüm addımlarından biri oldu. “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra açılması, tarixi və mədəni məkanlarda bərpa işlərinin aparılması, yeni məscidin və məktəbin təməlinin qoyulması Şuşanın kompleks şəkildə yenidən qurulmasına başlanıldığını nümayiş etdirdi. Xüsusilə, Yuxarı Gövhərağa məscidində aparılan bərpa işləri, Xan qızı Natəvanın sarayının və “Xan qızı” bulağının yenidən əvvəlki görkəminə qaytarılması şəhərin tarixi-memarlıq irsinə dövlət qayğısının bariz nümunəsi idi.
Həmin səfərin ən yaddaqalan hadisələrindən biri də Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi oldu. Uzun illər sonra Şuşada yenidən muğamın, milli musiqimizin səslənməsi, sənət adamlarının doğma məkanda bir araya gəlməsi şəhərin mədəni həyatının dirçəlişinə yeni təkan verdi. Bu tədbir Şuşanın yalnız fiziki baxımdan deyil, mənəvi və mədəni baxımdan da özünə qayıtdığını bütün dünyaya nümayiş etdirdi.
2021-ci il noyabrın 7-də Zəfər yolunun açılışı Şuşanın ölkənin digər bölgələri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və şəhərin gələcək inkişafı baxımından mühüm hadisə oldu. Eyni səfər zamanı Şuşada yeni sosial və texniki infrastruktur layihələrinin təməli qoyuldu, Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Radio-Televiziya Yayım Stansiyasının və Daşaltı məscidinin tikintisinə başlanıldı. Şəhərin tarixi məscidlərində, Mehmandarovların malikanə kompleksində bərpa işlərinin aparılması, Topxana meşəsində və Cıdır düzündə ağacəkmə tədbirlərinin təşkili Şuşanın həm tarixi irsinin, həm də təbii gözəlliyinin qorunmasına xidmət edirdi. Prezident İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı isə şəhərin azadlığı uğrunda döyüşən qəhrəmanların xidmətlərinə verilən yüksək qiymətin ifadəsi idi.
Sonrakı illərdə də Şuşanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı. Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrında şəhərə səfəri zamanı yeni yaşayış kompleksində, hotel və konfrans mərkəzində aparılan tikinti işləri, məktəb binasının inşası və digər infrastruktur layihələrinin icra vəziyyəti diqqət mərkəzində oldu. Mehmandarovların malikanə kompleksində bərpa işlərinin davam etdirilməsi, tarixi binaların qorunması və şəhərin inzibati idarəetmə imkanlarının genişləndirilməsi Şuşanın müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirildiyini göstərirdi.
Şuşanın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsi də onun yeni inkişaf mərhələsinin mühüm göstəricilərindəndir. 2023-cü ildə Azərbaycan və Özbəkistan prezidentlərinin Şuşaya birgə səfəri, 2024-cü ildə II Şuşa Qlobal Media Forumunun təşkili şəhərin beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verdi. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun tarixi və mədəni əhəmiyyətini daha geniş coğrafiyada tanıdır, şəhərin regionun mühüm siyasi və mədəni mərkəzlərindən birinə çevrilməsini sürətləndirir.
2025-ci ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşaya səfəri şəhərin beynəlxalq nüfuzunun artmasının növbəti təsdiqi oldu. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentlərinin Şuşada birgə proqramı çərçivəsində tarixi məkanlara, Milli Xalça Muzeyinin Şuşa filialına və yeni məscidin tikinti işlərinə diqqət yetirilməsi, Cıdır düzündə Qarabağ atlarının şousunun izlənilməsi şəhərin zəngin mədəni irsinin və müasir inkişafının təqdimatı baxımından əlamətdar hadisə idi. Bu səfər Şuşanın Azərbaycanın suverenliyinin, tarixi-mədəni irsinin və beynəlxalq əməkdaşlıq imkanlarının nümayiş etdirildiyi mühüm məkana çevrildiyini bir daha göstərdi.
Şuşanın inkişafında Böyük Qayıdış prosesinin genişlənməsi xüsusi yer tutur. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin öz evlərinə dönməsi şəhərin həyatına yeni nəfəs gətirir. Yaşayış binalarının, sosial obyektlərin, yolların və kommunikasiya sistemlərinin yenilənməsi, təhsil, səhiyyə və digər xidmət sahələri üzrə infrastrukturun yaradılması insanların rahat və təhlükəsiz yaşayışının təmin olunmasına yönəlib. 2026-cı il iyulun 11-də Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndinə səfəri, burada görülən işlərlə tanış olması və doğma yurda qayıdan sakinlərlə görüşməsi Böyük Qayıdışın artıq real nəticələr verdiyini nümayiş etdirən mühüm hadisələrdən biri oldu. Həmin səfər çərçivəsində “Sadıqcanın evi”nin bərpadan sonra açılması, Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrlə və yeni hotel korpuslarının tikintisi ilə tanışlıq şəhərin inkişafının müxtəlif istiqamətlərdə davam etdiyini göstərdi.
Bu gün Şuşada aparılan işlər yalnız dağıdılmış binaların bərpası və yeni obyektlərin inşası ilə məhdudlaşmır. Əsas məqsəd şəhərin tarixi simasını qorumaqla müasir yaşayış standartlarına uyğun infrastruktur yaratmaq, onun iqtisadi, turizm və mədəni potensialını genişləndirmək, sakinlərin doğma yurdda davamlı məskunlaşmasını təmin etməkdir. Dövlət başçısının diqqət və nəzarəti altında həyata keçirilən layihələr Şuşanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Tarixi abidələrin bərpası, yeni yaşayış məhəllələrinin salınması, mədəni tədbirlərin təşkili və beynəlxalq əməkdaşlığın genişləndirilməsi şəhərin hərtərəfli dirçəlişinə xidmət edir.
Şuşanın bugünkü mənzərəsi Azərbaycanın tarixi Zəfərdən sonra quruculuq və inkişaf mərhələsinə uğurla qədəm qoyduğunun parlaq göstəricisidir. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşən bu şəhər indi yenidən qurulur, sakinlərinə qovuşur və öz tarixi şöhrətini bərpa edir. Şuşanın dirçəlişi xalqımızın Zəfər əzminin davamı, dövlətimizin gücünün və milli iradəmizin təcəssümüdür.
Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı,
Vətən Müharibəsi iştirakçısı