"Rusiya-Ukrayna müharibəsi artıq iki dövlət arasında ərazi və suverenlik uğrunda hərbi qarşıdurma çərçivəsini aşaraq beynəlxalq güc balansına, Avropanın təhlükəsizlik sisteminə və qlobal siyasi-iqtisadi münasibətlərə təsir göstərən geosiyasi prosesə çevrilib. Müharibənin hazırkı mərhələsi göstərir ki, tərəflərdən heç biri öz strateji məqsədlərinə tam nail olmayıb və qarşıdurmanın nəticəsi yalnız cəbhədəki vəziyyətdən deyil, eləcə də iqtisadi imkanlardan, hərbi resursların davamlılığından və beynəlxalq dəstəyin səviyyəsindən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.Onun sözlərinə görə, cəbhədə əsas mübarizə Donetsk və digər strateji istiqamətlərdə mövqelərin qorunması və genişləndirilməsi ətrafında gedir:"Rusiya ərazi nəzarətini artırmaq və Ukraynanın müdafiə potensialını zəiflətmək, Kiyev isə mövcud müdafiə xətlərini saxlamaqla yanaşı, əks-hücumlar və uzaqmənzilli zərbələr vasitəsilə Rusiyanın hərbi-logistik imkanlarına təzyiq göstərmək strategiyasını davam etdirir. Həmçinin lokal irəliləyişlər hələlik müharibənin ümumi gedişində həlledici dönüş yaratmayıb. Müasir döyüş əməliyyatlarında dronlar, kəşfiyyat sistemləri, elektron müharibə vasitələri və dəqiq zərbələrin artan rolu da göstərir ki, hərbi üstünlük artıq yalnız canlı qüvvə və silah arsenalının həcmi ilə müəyyənləşmir. Tərəflərin iqtisadi dayanıqlılığı və hərbi istehsal imkanları da müharibənin uzunmüddətli nəticələrinə birbaşa təsir edir. Cəbhədəki dəyişikliklərin əsas siyasi əhəmiyyəti onların diplomatik danışıqlarda tərəflərin mövqelərinə təsiri ilə bağlıdır. Rusiya hərbi irəliləyişlərdən Ukraynaya ərazi güzəştləri ilə bağlı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ukrayna isə ərazi bütövlüyünü qorumaq və gələcək təhlükəsizliyini təmin etmək məqsədilə bu tələbləri qəbul etmir. ABŞ-nin vasitəçilik təşəbbüsləri və diplomatik təmaslar münaqişənin dayandırılması üçün müəyyən imkanlar yaratsa da, ərazi məsələsi və Ukraynanın gələcək təhlükəsizlik təminatları üzrə fikir ayrılıqları olduğu kimi qalır. Bu səbəbdən atəşkəs ehtimalı ilə davamlı sülh perspektivini eyniləşdirmək olmaz. Münaqişənin uzunmüddətli həlli üçün hərbi əməliyyatların dayandırılması ilə yanaşı, təhlükəsizlik zəmanətləri və siyasi razılaşmanın hüquqi əsasları da müəyyənləşdirilməlidir.Müharibənin geosiyasi nəticələri isə Avropa ilə məhdudlaşmır. Enerji təchizatının şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarının inkişafı və beynəlxalq logistika təhlükəsizliyi dövlətlərin strateji prioritetlərinə çevrilib. Bu proses Azərbaycanın geoiqtisadi əhəmiyyətini də artırır. Xəzər hövzəsinin enerji potensialı, Cənub Qaz Dəhlizi və Orta Dəhliz ölkəmizin Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat bağlantısı kimi mövqeyini gücləndirmək üçün imkanlar yaradır. Bununla yanaşı, Rusiya-Qərb qarşıdurmasının davam etməsi regionun təhlükəsizlik mühitinə və regional kommunikasiya xətlərinə mümkün təsirləri nöqteyi-nəzərindən diqqətlə izlənilməlidir. Nəticə etibarilə, müharibənin gələcək gedişi əsasən tərəflərin hərbi və iqtisadi resurslarının davamlılığından, Qərbin Ukraynaya dəstəyindən və diplomatik təşəbbüslərin nəticələrindən asılı olacaq. Belə ki, mövcud fikir ayrılıqları aradan qaldırılmadığı təqdirdə hərbi əməliyyatların uzanması, məhdud atəşkəs və ya münaqişənin dondurulması ehtimalları gündəmdə qalacaq. Hər bir halda, cəbhədəki taktiki dəyişiklikləri strateji nəticə kimi qiymətləndirmək düzgün olmaz. Rusiya-Ukrayna müharibəsinin yekunu yalnız iki ölkənin gələcəyinə deyil, Avropada qüvvələr balansına və beynəlxalq təhlükəsizlik sisteminin yeni konturlarına da mütləq təsir göstərəcək".
Müəllif: Arzu Qurbanlı