"Bu gün beynəlxalq iqlim gündəliyində Azərbaycanın COP31 çərçivəsində təqdim etdiyi “Dialoq Dəhlizi” konsepsiyası üzərində dayanmaq istərdim. Mən bu təşəbbüsü ölkəmizin son illərdə formalaşdırdığı beynəlxalq iqlim diplomatiyasının məntiqi davamı və yeni mərhələsi kimi qiymətləndirirəm".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov söyləyib.Deputat açıqlamasında bildirib ki, iqlim dəyişmələri artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində həll edilə biləcək məsələ olmaqdan çıxıb:"Bu problem enerji təhlükəsizliyindən su ehtiyatlarına, ərzaq təminatından sənaye siyasətinə, nəqliyyatdan regional sabitliyə qədər geniş bir sahəni əhatə edir. Belə şəraitdə dövlətlər arasında etimad, qarşılıqlı anlaşma və praktiki əməkdaşlıq xüsusi əhəmiyyət qazanır.Azərbaycanın COP29-da “Həmrəylik Evi”, COP30-da “İrs Zalı”, COP31-də isə “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış etməsi ölkəmizin beynəlxalq iqlim prosesində ardıcıl mövqeyini nümayiş etdirir. Bu konsepsiyaların hər biri müəyyən mərhələnin ideyasını ifadə edir. Bakıdan dünyaya verilən həmrəylik mesajı, Belem şəhərində vurğulanan irs və davamlılıq düşüncəsi Antalyada dialoqun konkret əməkdaşlığa və real nəticələrə çevrilməsi ideyası ilə tamamlanır.“Dialoq Dəhlizi” anlayışının mənası da məhz bu baxımdan genişdir. Burada söhbət yalnız fikir mübadiləsi aparılan məkandan getmir. Bu konsepsiya iki mühüm istiqaməti birləşdirir. Bir tərəfdən, ölkələr arasında siyasi və iqtisadi dialoqu, beynəlxalq tərəfdaşlığı, digər tərəfdən isə enerji infrastrukturunun fiziki bağlantılarını nəzərdə tutur. Qeyd etmək istərdim ki, bu yanaşmanın ən mühüm üstünlüyü dialoqu konkret layihələrlə əlaqələndirməsidir.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Mərkəzi Asiyanın zəngin bərpaolunan enerji potensialı ilə Avropanın artan enerji tələbatı arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Bu istiqamətdə Xəzər dənizi–Qara dəniz–Avropa marşrutu, Türkiyə, Gürcüstan və Bolqarıstan üzərindən formalaşan bağlantılar, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq və digər yaşıl enerji layihələri strateji əhəmiyyət daşıyır. COP31-də Azərbaycan pavilyonunda dörd yaşıl enerji dəhlizi üzrə təşəbbüslərin təqdim edilməsi də bu baxışın ifadəsidir. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, gələcəyin enerji təhlükəsizliyi yalnız enerji istehsalının artırılması ilə təmin olunmayacaq. İstehsal gücləri ilə yanaşı, elektrik şəbəkələrinin ötürücülük imkanları, enerji saxlama sistemləri, rəqəmsal idarəetmə və ölkələrarası bağlantılar da eyni dərəcədə vacib olacaq. Günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğuna görə, bu enerjinin saxlanması və istehlakçılara etibarlı şəkildə çatdırılması xüsusi texnoloji infrastruktur tələb edir.Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, ölkənin ilk şəbəkə miqyaslı batareya enerji saxlanc sisteminin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan Yaşıl Enerji Zonası bu istiqamətdə atılan mühüm addımlardır. Müasir dövrdə enerji keçidi həm yeni elektrik stansiyalarının tikintisini, həm də bütöv enerji sisteminin yenilənməsini tələb edir. Digər tərəfdən, “Dialoq Dəhlizi” konsepsiyası Xəzər dənizinin ekoloji problemlərini də beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi önə çıxarır. Xəzərin su səviyyəsindəki dəyişikliklər, biomüxtəlifliyin qorunması, nərə balıqlarının və Xəzər suitisinin mühafizəsi sahilyanı dövlətlərin birgə fəaliyyətini zəruri edir. Bu dənizin ekoloji vəziyyəti yalnız bir ölkənin səyləri ilə qoruna bilməz. Burada elmi məlumat mübadiləsi, müştərək monitorinq, razılaşdırılmış tədbirlər və davamlı maliyyələşmə mexanizmləri vacibdir.COP31-də Azərbaycan pavilyonunda 40-dan çox tədbir, müzakirə və ikitərəfli görüş üçün platforma yaratması da bu əməkdaşlıq imkanlarının genişliyini göstərir. Dövlətlər, beynəlxalq maliyyə institutları, özəl sektor və elmi qurumlar arasında qurulan əlaqələr iqlim təşəbbüslərinin maliyyələşdirilməsi və həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün dünya enerji keçidini müzakirə edərkən mühüm bir reallığı da nəzərə almalıdır. Süni intellektin, məlumat mərkəzlərinin, rəqəmsal iqtisadiyyatın və yeni sənaye texnologiyalarının sürətli inkişafı elektrik enerjisinə və strateji resurslara tələbatı daha da artırır. Deməli, gələcəyin enerji siyasəti həm ekoloji məsuliyyətə, həm də iqtisadi və texnoloji reallıqlara əsaslanmalıdır. Bu prosesdə neft-qaz resurslarına malik ölkələrin təcrübəsi, maliyyə imkanları və enerji infrastrukturu da qlobal keçidin mühüm komponentlərindən biri olaraq qalacaq.Azərbaycanın yanaşması məhz bu reallıqları uzlaşdırmağa yönəlib. Ölkəmiz ənənəvi enerji sahəsindəki mövqeyini qorumaqla yanaşı, bərpaolunan enerji mənbələrinə, elektrik ötürücü şəbəkələrə, enerji saxlama texnologiyalarına və beynəlxalq yaşıl enerji bağlantılarına investisiyalar cəlb edir. Bu, enerji təhlükəsizliyi ilə ekoloji hədəflərin paralel inkişafına əsaslanan praqmatik siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji və xarici siyasət Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini gücləndirib. Bu gün qarşımızda duran vəzifə həmin təcrübəni yeni texnologiyalar, yaşıl enerji və beynəlxalq tərəfdaşlıq imkanları ilə zənginləşdirməkdir.Mən hesab edirik ki, “Dialoq Dəhlizi” konsepsiyasının əsas mesajı da burada ifadə olunur. Azərbaycan coğrafi mövqeyini, enerji potensialını və diplomatik imkanlarını birləşdirərək regionlar arasında yeni əməkdaşlıq platforması formalaşdırmağa çalışır. Bu platformanın uğuru dialoqun sayından daha çox, onun nəticəsində yaranan layihələr, qurulan bağlantılar, cəlb olunan investisiyalar və əldə edilən ekoloji nəticələrlə ölçüləcək. İnanıram ki, Azərbaycan COP29-dan sonra qazandığı beynəlxalq təcrübəni COP31-də yeni əməkdaşlıq təşəbbüsləri ilə inkişaf etdirəcək və ölkəmizin yaşıl enerji, iqlim diplomatiyası və regional bağlantılar sahəsindəki mövqeyini daha da möhkəmləndirəcək".
Müəllif: Lətifə Musayeva