Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələr qurmuşdur. Bu münasibətlər sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. İllər ərzində iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq genişlənmiş, qarşılıqlı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış «Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə» iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir.
Bu bəyənnamə Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ənənələrinə əsaslanır. Xüsusilə 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bugünkü strateji tərəfdaşlığın mühüm hüquqi və siyasi əsaslarını təşkil edir.
Birgə Bəyannamədə hər iki dövlətin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi xüsusi vurğulanır. Dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi tərəflərin əsas öhdəliklərindən biri kimi müəyyənləşdirilir. Bu yanaşma beynəlxalq münasibətlərdə ədalətin, qarşılıqlı etimadın və sabitliyin qorunmasına xidmət edir.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara da xüsusi diqqət yetirilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyəti qeyd olunur və regionda davamlı sülhün təmin edilməsi istiqamətində həyata keçirilən təşəbbüslər alqışlanır. Böyük Britaniya Azərbaycanın və Ermənistanın sülhə nail olmaq istiqamətində göstərdiyi səylərə dəstəyini bir daha təsdiqləyir. Bu mövqe Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Birgə Bəyannamənin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Müasir dövrdə dünyada baş verən geosiyasi dəyişikliklər, yeni təhlükəsizlik çağırışları və regional risklər dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini artırır. Bu baxımdan Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və ümumi təhdidlərə qarşı birgə mübarizə imkanlarını inkişaf etdirmək niyyətindədirlər.
Tərəflər hərbi təlimlərin, kadr hazırlığının və müdafiə potensialının artırılmasının əhəmiyyətini qəbul edirlər. Eyni zamanda müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, sərhəd idarəçiliyi və hüquqi əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə atılacaq addımlar hər iki ölkənin təhlükəsizlik imkanlarının artırılmasına və regional sabitliyə töhfə verəcəkdir.
Bəyannamədə iqtisadiyyat, ticarət və investisiya sahələrinə də geniş yer ayrılmışdır. Azərbaycan zəngin iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafındakı rolu ilə xarici investorlar üçün mühüm tərəfdaşdır. Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi isə ölkəmizin qeyri-neft sektorunun inkişafına, yeni investisiyaların cəlb edilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə əlavə imkanlar yaradır.
Sənəddə tərəflər bərpaolunan enerji, infrastruktur, xidmətlər və digər prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının yaradılmasını dəstəkləyirlər. Biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, yeni iş yerlərinin açılması, müasir texnologiyaların tətbiqi və peşəkar bacarıqların inkişaf etdirilməsi qarşılıqlı əməkdaşlığın mühüm məqsədlərindəndir.
Bəyannamədə Orta Dəhlizin inkişafı iki ölkə arasında iqtisadi əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, sərhədyanı ticarətin asanlaşdırılması və beynəlxalq bağlantıların genişləndirilməsi həm Azərbaycan, həm də Böyük Britaniya üçün yeni iqtisadi imkanlar yaradır.
Enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yeni dövrdə ənənəvi enerji əməkdaşlığı ilə yanaşı, yaşıl enerji layihələrinin inkişafı da prioritet istiqamətlərdəndir. Bəyannamədə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi məsələləri ön plana çəkilir. Bu əməkdaşlıq iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və ekoloji cəhətdən dayanıqlı iqtisadiyyatın formalaşmasına xidmət edir.
Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm və innovasiya sahəsində əməkdaşlıqdır. Müasir dünyada dövlətlərin inkişafı yalnız iqtisadi resurslardan deyil, həm də insan kapitalından, elmi potensialdan və texnoloji yeniliklərdən asılıdır. Bu səbəbdən Azərbaycan və Böyük Britaniya təhsil müəssisələri, universitetlər və elmi-tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsini vacib hesab edirlər.
Ali təhsil, peşə təhsili, rəqəmsal bacarıqlar və müasir texnologiyalar üzrə əməkdaşlığın inkişaf etdirilməsi gənclər üçün yeni imkanlar yaradacaqdır. Süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və həyat elmləri sahələrində təcrübə mübadiləsi aparılması nəzərdə tutulur. Bu istiqamətdə universitetlər və elmi müəssisələr arasında birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin elmi və texnoloji potensialının gücləndirilməsinə kömək edəcəkdir.
Bununla yanaşı, Bəyannamədə insanlararası əlaqələrin və mədəni mübadilələrin inkişafına da xüsusi önəm verilir. Çünki dövlətlər arasında möhkəm tərəfdaşlığın formalaşmasında yalnız siyasi və iqtisadi münasibətlər deyil, xalqların bir-birini daha yaxından tanıması və qarşılıqlı anlaşması da mühüm rol oynayır. Tələbə mübadiləsi, peşəkar əlaqələr, mədəni tədbirlər və müxtəlif birgə proqramlar iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.
Bütün bunlarla yanaşı, maliyyə və kapital bazarlarında əməkdaşlığın genişləndirilməsi, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, yaşıl maliyyələşdirmə və investisiya imkanlarının artırılması da sənədin mühüm müddəalarındandır. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti isə iqtisadi əlaqələrin əlaqələndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün əsas mexanizmlərdən biri kimi müəyyən edilir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, eləcə də təhsil və innovasiya sahələrində yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyi, regional və qlobal əməkdaşlıq imkanlarının genişləndiyi bir dövrdə belə strateji tərəfdaşlıqlar ölkəmizin davamlı inkişafına xidmət edir. Bu, imzalanmış Birgə Bəyannamədə əksini tapan müddəaların həyata keçirilməsi Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı etimada əsaslanan münasibətləri daha da möhkəmləndirəcək, hər iki dövlətin maraqlarına uyğun yeni layihələrin və uğurlu təşəbbüslərin reallaşmasına geniş şərait yaradacaq, dostluq və əməkdaşlıq münasibətlərində yeni mərhələnin başlanğıcı olacaqdır.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri