PDF Oxu

Siyasət

  • 318

17 Noyabr – Milli Dirçəliş Günü: üçrəngli bayrağımızın Naxçıvanda ucaldılmasından milli suverenliyimizin təntənəsinə

17 Noyabr – Milli Dirçəliş Günü: üçrəngli bayrağımızın Naxçıvanda ucaldılmasından milli suverenliyimizin təntənəsinə

1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin keçirilən sessiyası Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR Ali Sovetinə bu bayrağın Azərbaycanın dövlət rəmzi kimi qəbul olunması barədə təklif göndərildi. Bununla yanaşı, Naxçıvanın adından sovet ideologiyasını ifadə edən bir sıra ifadələrin çıxarılması istiqamətində də tarixi qərarlar qəbul edildi. Bu addımların siyasi mahiyyəti olduqca böyük idi. Sovet İttifaqının hələ mövcud olduğu, milli müstəqillik ideyasının ciddi təzyiqlərlə üzləşdiyi bir vaxtda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi müstəqilliyə doğru atılmış prinsipial siyasi addım idi. Ulu Öndər Heydər Əliyev bununla Azərbaycan xalqının milli yaddaşına, Cümhuriyyət irsinə və dövlətçilik ənənələrinə sahib çıxdığını nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyevin 17 noyabr 1990-cı il qərarının tarixi əhəmiyyətini yalnız bayrağın dəyişdirilməsi ilə izah etmək düzgün olmazdı. Bu qərarın arxasında dərin siyasi düşüncə, milli maraqlara əsaslanan strategiya və gələcək müstəqil dövlətin ideoloji əsaslarını formalaşdırmaq məqsədi dayanırdı. Heydər Əliyev dövlətçilik məsələlərinə hər zaman sistemli yanaşırdı. O, anlayırdı ki, xalqın müstəqillik uğrunda mübarizəsi yalnız siyasi etirazlarla məhdudlaşmamalı, milli ideya, tarixi yaddaş və dövlətçilik irsi ilə möhkəmləndirilməlidir. Onun 1970–1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə milli kadr potensialının gücləndirilməsi, təhsilin və elmin inkişafı, mədəniyyətin qorunması, milli ziyalı təbəqəsinin formalaşması istiqamətində gördüyü işlər sonrakı milli dirçəliş prosesinin də mühüm dayaqlarından oldu. Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil alması, milli mütəxəssislərin yetişdirilməsi, elmi və sənaye potensialının artırılması gələcək müstəqil dövlət üçün mühüm insan kapitalı yaratdı. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan dilinin və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirirdi. O, xalqın öz tarixinə sahib çıxmasını, milli kimliyini qorumasını və müasir dünyanın inkişaf proseslərində layiqli yer tutmasını dövlət siyasətinin mühüm istiqaməti hesab edirdi. Məhz bu baxımdan 17 noyabr 1990-cı il qərarı Heydər Əliyevin uzun illər ərzində formalaşdırdığı dövlətçilik düşüncəsinin məntiqi davamı idi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət sonra ciddi siyasi, iqtisadi və hərbi böhranla üzləşdi. Ermənistanın davam edən hərbi təcavüzü, torpaqlarımızın işğalı, ölkə daxilində siyasi qarşıdurmalar və idarəçilik böhranı dövlət müstəqilliyini təhlükə altına salmışdı. 1993-cü ildə ölkədə yaranmış ağır vəziyyət Azərbaycan dövlətçiliyinin qorunmasını həyati məsələyə çevirmişdi. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının əsasını qoydu. Bu strategiya ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sisteminə inteqrasiyasını sürətləndirdi, xarici sərmayələrin cəlb olunmasına və uzunmüddətli iqtisadi inkişaf imkanlarının yaranmasına şərait yaratdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi. Beləliklə, Heydər Əliyevin fəaliyyəti nəticəsində müstəqilliyin ideoloji və siyasi əsasları möhkəmləndirildi, dövlət idarəçiliyinin davamlı inkişafı üçün zəruri şərait yaradıldı. 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi ilə ifadə olunan milli iradə 1993-cü ildən etibarən müstəqil dövlətin qorunması və möhkəmləndirilməsi siyasəti ilə davam etdirildi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın son onilliklərdə qazandığı nailiyyətlərin başlıca amillərindəndir. Prezident İlham Əliyev müstəqil dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılmasını, beynəlxalq mövqelərinin möhkəmləndirilməsini və milli maraqlarının qətiyyətlə müdafiəsini dövlət siyasətinin əsas istiqamətlərinə çevirib. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, iqtisadi islahatlar, enerji və nəqliyyat strategiyası, ordu quruculuğu və beynəlxalq əməkdaşlıq Azərbaycanın regional və qlobal miqyasda mövqelərini gücləndirib. Bu inkişafın ən mühüm nəticələrindən biri 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisələr müasir Azərbaycan dövlətçiliyinin ən möhtəşəm nailiyyətlərindəndir. 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi qəbul edilməsinin yaratdığı milli ruh, 1991-ci ildə müstəqilliyin bərpası, 1993-cü ildə dövlətçiliyin xilas edilməsi və sonrakı illərdə ölkənin iqtisadi-hərbi potensialının gücləndirilməsi tarixi bir inkişaf xəttinin mərhələləridir. 2020-ci ilin Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası həmin dövlətçilik xəttinin ən mühüm nəticələri kimi tarixə düşdü. Bu gün Azərbaycan bayrağı vaxtilə işğal altında olmuş ərazilərimizdə, Şuşada, Xankəndidə və digər yaşayış məntəqələrində qürurla dalğalanır. Bu mənzərə 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi qərarının tarixi və mənəvi əhəmiyyətini daha da artırır.
17 Noyabr – Milli Dirçəliş Günü yalnız tarixi hadisələri xatırlamaq üçün qeyd edilən gün deyil. Bu tarix gənc nəslə müstəqilliyin hansı siyasi mübarizə, milli birlik və tarixi məsuliyyət nəticəsində əldə edildiyini anlatmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Gənclər bilməlidirlər ki, müstəqil Azərbaycan dövləti öz-özünə yaranmayıb. Bu dövlətin arxasında xalqımızın əsrlər boyu davam edən azadlıq arzusu, Cümhuriyyət qurucularının tarixi fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti, şəhidlərimizin fədakarlığı və müasir Azərbaycanın inkişafı naminə görülən ardıcıl işlər dayanır. Milli bayrağa hörmət etmək, dövlət rəmzlərini qorumaq, Konstitusiyaya və qanunlara riayət etmək, milli-mənəvi dəyərlərə sahib çıxmaq və dövlətin inkişafına töhfə vermək hər bir vətəndaşın məsuliyyətidir.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm ideoloji mənbədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər isə gənclərimizə müstəqil dövlətin gücünü, milli birliyin əhəmiyyətini və Vətənə sədaqətin mənasını göstərən canlı nümunədir. Bu baxımdan Milli Dirçəliş Gününün mahiyyəti keçmişlə kifayətlənməmək, müstəqilliyi qorumaq və gələcək nəsillər üçün daha güclü Azərbaycan qurmaq məsuliyyətini dərk etməkdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü

Digər xəbərlər