PDF Oxu

Siyasət

  • 325

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq – yeni əməkdaşlıq mərhələsinin başlanğıcı - ŞƏRH

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq – yeni əməkdaşlıq mərhələsinin başlanğıcı - ŞƏRH

Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin müasir inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini ifadə edir. Bu mühüm sənəd Azərbaycan-Böyük Britaniya əlaqələrinin möhkəm tarixi təməllərə söykəndiyini, qarşılıqlı etimad, hörmət və ortaq maraqlar əsasında inkişaf etdiyini bir daha nümayiş etdirir.
Bəyannamə iki ölkə arasında uzunmüddətli münasibətlərə, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Bu sənədlər Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında mühüm mərhələlər olmuş, siyasi dialoqun və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır. Yeni Birgə Bəyannamə isə formalaşmış tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində atılmış mühüm addımdır.
Sənədin əsas siyasi əhəmiyyəti ondan ibarətdir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətlə bağlı mövqelərini bir daha təsdiqləyirlər. Bu müddəalar beynəlxalq münasibətlərdə hüququn aliliyinin, dövlətlərin bərabərliyinin və qarşılıqlı hörmət prinsiplərinin qorunmasının vacibliyini ön plana çəkir.
Azərbaycan üçün bu prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkəmiz bütün dövrlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin tərəfdarı kimi çıxış edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi proseslər də dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin əhəmiyyətini bir daha nümayiş etdirib. Belə bir sənəddə müvafiq prinsiplərə sadiqliyin təsdiqlənməsi ölkəmizin beynəlxalq münasibətlərdə hüquqi əsaslara söykənən mövqeyinin önəmini göstərir.
Birgə Bəyannamədə regional sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniya regionda davamlı sülhə nail olmaq məqsədilə iki ölkənin səylərinə ikitərəfli dialoq vasitəsilə dəstəyini bir daha ifadə edir. Bu yanaşma Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri də iqtisadi əməkdaşlığın inkişafıdır. Sənəddə dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyaların uzunmüddətli sabitlik və rifah üçün vacib amillər olduğu qeyd edilir. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində otuz ildən artıq müddətdə formalaşmış uğurlu əməkdaşlıq bu münasibətlərin möhkəm iqtisadi əsasını təşkil edir. Eyni zamanda, bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt kimi müasir istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar mövcuddur.
Tərəfdaşlığın digər mühüm istiqamətləri təhsil, elm, tədqiqat, innovasiya və texnoloji inkişafı əhatə edir. Ali təhsil, peşə hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, eləcə də universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Süni intellekt, rəqəmsal idarəetmə və müasir texnologiyalar sahəsində təcrübə mübadiləsi hər iki ölkənin inkişaf potensialının artırılmasına xidmət edə bilər. İnsanlar arasında əlaqələrin və peşəkar mübadilələrin təşviqi isə tərəfdaşlığın yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmadığını, cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın da vacib olduğunu göstərir.
Sənəddə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin davamlılığını təmin etmək məqsədilə illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə anlaşma da öz əksini tapıb. Bu görüşlər əməkdaşlığın əsas istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsinə, gələcək prioritetlərin müəyyənləşdirilməsinə və razılaşdırılmış tədbirlərin icrasının izlənilməsinə imkan yaradacaq.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkəmizin balanslaşdırılmış, praqmatik və çoxşaxəli xarici siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bu sənəd qarşılıqlı hörmətə, beynəlxalq hüquqa, ortaq maraqlara və konkret əməkdaşlıq istiqamətlərinə əsaslanan münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, nüfuzunun artmasına və etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə verir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi də bu siyasətin ardıcıl və uğurlu nəticələrindən biri olmaqla, Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan rolunu və dövlət maraqlarına əsaslanan diplomatik xəttini bir daha təsdiqləyir.

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər