PDF Oxu

Siyasət

  • 386

Yeni Azərbaycan Partiyası: dövlətçilik ənənələrindən Zəfər zirvəsinə uzanan siyasi yol

Yeni Azərbaycan Partiyası: dövlətçilik ənənələrindən Zəfər zirvəsinə uzanan siyasi yol

Azərbaycanın müasir dövlətçilik tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütövlükdə ölkənin gələcək inkişaf istiqamətini müəyyən edir. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz belə tarixi hadisələrdən biridir. XX əsrin sonlarında mürəkkəb siyasi, iqtisadi və sosial sınaqlarla üz-üzə qalan Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrilən bu siyasi təşkilat Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, qətiyyəti və dövlətçilik təfəkkürü əsasında formalaşaraq milli maraqların, müstəqilliyin və siyasi sabitliyin əsas dayaqlarından birinə çevrildi.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə ağır və məsuliyyətli bir dövr idi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi hərc-mərclik, hakimiyyət böhranı, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və ərazi bütövlüyümüzə yönələn təhdidlər dövlətçiliyimizin gələcəyini ciddi təhlükə altına almışdı. Cəmiyyət sabitlik, güclü idarəçilik və ölkəni böhrandan çıxara biləcək siyasi iradə axtarışında idi. Belə bir şəraitdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalıların və tanınmış ictimai-siyasi xadimlərin Ümummilli Lider Heydər Əliyevə müraciəti xalqın öz gələcəyinə olan ümidinin və xilaskar liderə inamının ifadəsi idi.
Xalqın çağırışına səs verən Heydər Əliyev 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunmasına rəhbərlik etdi. Bu hadisə sadəcə yeni bir siyasi təşkilatın yaranması deyildi. Bu, milli dövlətçiliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf modelinin müəyyənləşdirilməsi istiqamətində atılmış tarixi addım idi. YAP-ın yaranması ilə ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyuldu, cəmiyyətdə sabitliyə və tərəqqiyə xidmət edən siyasi qüvvə formalaşdı.
Yeni Azərbaycan Partiyasının ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi, dövlətə sədaqət, milli birlik, müstəqillik və vətəndaş həmrəyliyi sonrakı illərdə dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Partiya yarandığı gündən fəaliyyətinin mərkəzinə xalqın rifahını, dövlətin möhkəmlənməsini və milli maraqların qorunmasını qoydu. Bu baxımdan YAP-ın siyasi tariximizdəki yeri yalnız təşkilati fəaliyyəti ilə deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin ideoloji və siyasi əsaslarının formalaşmasına verdiyi töhfələrlə ölçülür.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan tənəzzül və qeyri-sabitlik mərhələsindən tədricən inkişaf və quruculuq dövrünə qədəm qoydu. Dövlət idarəçiliyində sistemli yanaşmanın formalaşdırılması, siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğunun sürətləndirilməsi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi bu siyasətin başlıca nəticələri idi. Əsası qoyulan yeni neft strategiyası, beynəlxalq enerji əməkdaşlığı, xarici investisiyaların ölkəyə cəlb edilməsi və dövlət institutlarının gücləndirilməsi Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirdi. Beləliklə, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müstəqil Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini yaratdı.
2003-cü ildən etibarən bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan daha da gücləndi, beynəlxalq nüfuzu yüksəldi, regionun aparıcı dövlətlərindən birinə çevrildi. İqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılması, sosial rifahın yüksəldilməsi, müasir ordu quruculuğu və diplomatik fəallığın artırılması ölkənin hərtərəfli inkişafını təmin edən əsas amillər oldu.
Bu mərhələdə Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini müasir çağırışlara uyğunlaşdıraraq daha geniş siyasi və ictimai platformaya çevrildi. Partiyanın təşkilati potensialının gücləndirilməsi, gənclərin siyasi proseslərdə fəallığının artırılması, regionlarda və cəmiyyətin müxtəlif təbəqələri arasında əlaqələrin genişləndirilməsi onun ictimai-siyasi mövqeyini daha da möhkəmləndirdi. YAP dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılmasında, milli həmrəyliyin gücləndirilməsində və ölkənin inkişaf hədəflərinin təbliğində mühüm rol oynadı.
Azərbaycanın müasir tarixinin ən möhtəşəm səhifələrindən biri isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Bu Qələbə illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın, müasir ordunun, xalq-dövlət birliyinin və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təntənəsi idi. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası istiqamətində əldə olunan tarixi nəticələr Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin gücünün bütün dünyaya nümayişi oldu. 2023-cü ildə suverenliyimizin ölkəmizin bütün ərazisində tam bərpası isə bu tarixi prosesin mühüm yekun mərhələsinə çevrildi.
Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik strategiyasının məntiqi nəticəsi idi. Çünki qələbəyə aparan yol yalnız hərbi güclə deyil, uzun illər ərzində qurulmuş siyasi sabitlik, iqtisadi dayanıqlılıq, beynəlxalq nüfuz və milli birliklə mümkün olmuşdu. Məhz bu amillərin vəhdəti Azərbaycanı tarixi hədəfinə çatdırdı.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da ölkəmizin bu yeni tarixi reallıqlar fonunda qarşıya qoyduğu strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq əldə olunan nailiyyətləri geniş təhlil etmiş, dövlətimizin qarşısında duran prioritetləri və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. Dövlət başçısının çıxışı Azərbaycanın yeni geosiyasi şəraitdə mövqeyini, milli maraqlarının qorunması istiqamətində həyata keçirdiyi siyasəti və gələcək inkişaf hədəflərini aydın şəkildə ortaya qoymuşdur.
Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın öz gücünə, siyasi iradəsinə və milli potensialına arxalanaraq tarixi məqsədlərinə nail olmasıdır. Ölkəmiz yalnız işğala son qoymaqla kifayətlənməmiş, eyni zamanda, Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırmışdır. Bu reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində mövqeyini daha da gücləndirmişdir.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri qazanılmış tarixi nailiyyətləri qorumaq, dövlətimizin iqtisadi və hərbi qüdrətini daha da artırmaq, milli təhlükəsizliyi möhkəmləndirmək və azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərini davam etdirməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası və Böyük Qayıdış proqramının icrası Azərbaycanın postmünaqişə dövründə müəyyən etdiyi prioritetlərin real təzahürüdür. Bu ərazilərdə həyata keçirilən quruculuq siyasəti yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, həm də yeni iqtisadi imkanların, müasir yaşayış standartlarının və davamlı inkişaf modelinin formalaşdırılması deməkdir.
Belə bir mərhələdə Yeni Azərbaycan Partiyasının üzərinə düşən məsuliyyət də daha da artır. Müasir dövr siyasi təşkilatlardan yalnız ənənəvi fəaliyyətlə kifayətlənməməyi, ictimaiyyətlə çevik və səmərəli kommunikasiya qurmağı, gənc nəslin potensialından geniş istifadə etməyi və milli ideoloji dəyərləri yeni çağırışlara uyğun şəkildə təbliğ etməyi tələb edir. YAP bu istiqamətlərdə fəaliyyətini davam etdirərək dövlətçilik maraqlarının, milli həmrəyliyin və vətəndaş məsuliyyətinin möhkəmləndirilməsinə töhfə verməlidir.
Bu gün Yeni Azərbaycan Partiyası öz tarixi missiyasını yeni reallıqlar şəraitində davam etdirən, dövlətçilik ənənələrini yaşadan və gələcək inkişaf hədəflərinin reallaşdırılmasında iştirak edən aparıcı siyasi qüvvədir. Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, beynəlxalq nüfuzunun artması, iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bu siyasi xəttin davamlılığını və nəticəyönümlü xarakterini nümayiş etdirir.
Tarix sübut edir ki, güclü dövlətin təməlində uzaqgörən siyasi strategiya, milli birlik və xalqın etimadını qazanmış liderlik dayanır. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə mürəkkəb tarixi şəraitdə yaranmasından bu günə qədər keçdiyi yol da məhz bu həqiqətin təsdiqidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilərək Azərbaycanı qalib, güclü və nüfuzlu dövlətə çevirən siyasi kursun əsasını təşkil edir.
Bu mənada Yeni Azərbaycan Partiyasının tarixi yalnız bir siyasi təşkilatın yaranma və inkişaf tarixindən ibarət deyil. Bu, müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin mühüm səhifəsi, milli iradənin siyasi ifadəsi və Zəfərə aparan inkişaf yolunun ayrılmaz tərkib hissəsidir. Dünənin tarixi zərurətindən doğan YAP bu gün Azərbaycanın gələcək hədəflərinə doğru inamla irəliləyən siyasi qüvvə kimi öz missiyasını davam etdirir.

İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər