Tahir Mirkişili: TANAP layihəsinin tamamlanması tarixi hadisədir

“TANAP layihəsinin tamamlanması tarixi hadisədir. Nəzərə alsaq ki, TANAP həm uzunluğuna, həm də borunun diametrinə görə yerləşdiyimiz regionun və Avropanın ən böyük layihəsidir, ümumilikdə Xəzər dənizinin neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılması hər zaman böyük bir tarixi hadisə olub. Xatırladaq ki, 2006-cı ildə ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə Azərbaycan neftinin dünya bazarına çıxarılması bütövlükdə bölgənin taleyini dəyişdi və Azərbaycan da daxil olmaqla bu, bölgədə iqtisadi inkişafa çöx böyük təkan verdi. Məhz Cənub Qaz Dəhlizi kimi mühüm bir layihənin əsas tərkibi hissəsi olan TANAP-ın açılışı Xəzərin qaz ehtiyatlarının tarixdə ilk dəfə olaraq Avropada birbaşa istehlakçılara çatdırılmasına mühüm zəmin yaratdı”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, TAP-ın tamamlanması ilə Türkiyə və Yunanıstan sərhədindən başlayaraq Azərbaycan qazının artıq Avropa istehlakçılarına çatdırılması 2020-ci ildən etibarən bütövlükdə həm Avropa, həm tranzit ölkəsi kimi Türkiyə və Gürcüstanın, həm də istehsalçı ölkə kimi Azərbaycan iqtisadiyyatına çox mühüm bir dəyər yaradacaq. Ümumilikdə desək Azərbaycan iqtisadiyyatı üçün Azərbaycan qazının birbaşa Avropa bazarına çıxarılması ölkənin uzun müddətə böyük bir gəlir əldə etməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, TANAP layihəsinin tamamlanması Azərbaycan iqtisadiyyatının yeni inkişaf üfüqlərinin və inkişaf mənbələrinin müəyyən edilməsi baxımından çox vacibdir: “BMT-nin İnkişaf Proqramının hesablamalarına görə, növbəti 60 il ərzində Azərbaycanın qaz ixracından əldə edəcəyi gəlirin ümumi miqdarı təxminən 99 milyard dollardan yuxarıdr. Və yaxud Azərbaycanın 25 il ərzində əldə edəcəyi gəlir ən pessimistik göstəricilərə görə təxminən 30 milyard dollardan çoxdur. Bu göstəricilərə diqqət etdiyimiz zaman aydın olur ki, TANAP layihəsinin tamamlanması Azərbaycan iqtisadiyyatının yeni inkişaf üfüqlərini və inkişaf mənbələrinin müəyyən edilməsi baxımından çox vacibdir. Nəzərə alsaq ki, Azərbaycan neft və qaz sahəsində əldə etdiyi gəlirlər qeyri-neft sektorunun inkişafı üçün xüsusi bir maliyyə mənbəyi rolu oynayır, müasir dayanıqlı ictimai model qurmaqda bu layihələrin ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyəti var”.

yap.org.az