Siyasət

  • 9 586

Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

image

YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov
Müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. Faktlar və reallıqların əks etdirdiyi kimi, yüksək inkişaf göstəriciləri bütün sahələri əhatə edir. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlərin və aparılan islahatların nəticəsində əldə olunmuş uğurları da xüsusi vurğulamaq lazımdır.
Azərbaycanda nizami və güclü ordu quruculuğunun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində müəyyən silahlı birləşmələr yaradılmışdı. Amma onlar ayrı-ayrı şəxslərə, siyasi partiyalara və s. tabe idi. Torpaqlarımızın işğalına bir səbəb də ordunun belə vəziyyətdə olması idi. Çünki bir batalyon hücuma keçəndə digəri geri çəkilirdi. Bütün bunlara görə isə faciələrlə rastlaşırdıq. Vahid komandanlığın olmaması ordunu çətin duruma salmışdı. Həmin illərdə silahlı qüvvələrimizə rəhbərlik edənlərin əksəriyyəti xarici qüvvələrin əks-kəşfiyyatı ilə bağlı idi. Müdafiə naziri və onun bəzi müavinləri üçün xaricdən verilən göstərişlər daha əhəmiyyətli idi. Yəni onlar respublika rəhbərliyinin mövqeyinə əhəmiyyət vermirdilər, bu da ordu ilə siyasi hakimiyyət arasında ciddi qarşıdurmalara səbəb olmuşdu. Bütün bunlar isə, nəticə etibarilə, ölkəmizə ciddi problemlər yaradırdı. Xüsusilə də, 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanətkar, eləcə də həmin dövrdə müdafiə naziri olan riyaziyyat müəlliminin yarıtmaz və antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir.
Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Ümumiyyətlə, müstəqil ölkəmizin güclü - qüdrətli ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır. Yəni ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bunlarla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması bunu deməyə əsas verir.
Şübhəsiz ki, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son illər ərzində ən müasir texnika və silahlar alınıbdır: “Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Azərbaycanda hərbi məktəblərın uğurlu fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu, sözügedən sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə, kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan verir. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz istər ABŞ-da, istər Türkiyədə, istərsə də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər.
Bütövlükdə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.
Azərbaycan Silahlı Qüvvələri yüksək vətənpərvərlik ruhuna malikdir
Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Xüsusilə də, bu, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün mühüm əhəmiyyətə malikdir. Ölkəmizin təcrübəsi bu baxımdan müsbət nümunə kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib. Başqa sözlə, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirib.
Ümumiyyətlə, bu baxımdan bir neçə məsələyə xüsusi nəzər salmaq lazımdır. İlk növbədə qeyd edək ki, Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. 2016-cı il aprelin ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Eyni zamanda, bəhs olunan döyüşlər erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Bir daha bəlli olduğ ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatların qarşısının məharətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır.
Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə həm Ermənistana, həm ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir mesaj verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz! Ermənistan işğalçı siyasətə son qoymalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, fundamental hüquqları pozulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımız öz doğma yurdlarına qayıtmalıdırlar. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır”.
Bunlarla yanaşı, möhtəşəm hərbi paradlar və təlimlər də Azərbaycan Silahlı Qüvvələrinin potensialını, gücünü əyani surətdə göstərir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu, silahlı qüvvələrimizin qüdrəti bütün dünyaya aşkar şəkildə nümayiş etdirildi.
Digər tərəfdən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında hərbi təlimlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, Türkiyə, Gürcüstan kimi ölkələrin silahlı qüvvələri ilə birgə keçirilən təlimlər ayrıca qeyd edilməlidir. Birgə təlimlərin keçirilməsi, qərargahların fəaliyyətinin uzlaşdırılması, komandirlərin birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənmələri böyük önəm kəsb edir. Bütövlükdə isə, paradlar kimi, təlimlər də ölkəmizdə güclü ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsini əks etdirən mühüm nümunələrdəndir.
Bir sözlə, qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.

yap.org.az

Digər xəbərlər