Siyasət

  • 10 009

"Hər bir vətəndaş karantin qaydalarına tam əməl etməlidir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün dünya ölkələri növbəti ciddi sınaqla üz-üzədir. Hazırda bu bəladan xilas olmaq üçün bir çox dövlətlər ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirirlər. Vəziyyət isə hələ də ürəkaçan deyil. Bu gün dünyada növbəti dalğalardan söhbət gedir, bir sıra ölkələrdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur, bir sıra dünya dövlətləri pandemiyanın əlində aciz qalıblar. Qeyd etməliyik ki, Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, Fond yaratdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir neçə müraciəti oldu. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib."Bildiyiniz kimi, pandemiyanın sürətlə yayılması müşahidə olunduğu üçün sonrakı dövrdə ölkəmizdə sərt karantin rejiminin tətbiqinə başlanıldı. Məhz bu səbəbdən birinci sərt karantin dövründə ölkəmizdə bu virusa yoluxanlar az oldu. Sonrakı dövrdə real vəziyyət nəzərə alınaraq, müəyyən yumşalmalara gedildi. Nəticədə yenidən virusa yoluxanların sayında artım müşahidə olunmağa başladı. Bu dövrdə vətəndaşlar ehtiyatı əldən verməməli, problemə həssas yanaşmalı və verilən tövsiyələrə əməl etməli idilər. Sonrakı mərhələdə hökumət yenidən sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul etdi. Sərt karantin rejiminin yenidən sərtləşdirilməsi zərurət idi. Məhz bu səbəbdən son günlər virusa yoluxanların sayında azalma müşahidə olunmağa başladı. Onu da qeyd edək ki, Azərbaycanla bərabər bir neçə ölkədə karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib. Əsas məqsəd ünsiyyəti minimuma endirərək, virusa yoluxanların sayını azaltmaqdır. Həmişə qeyd etdiyimiz kimi, burada vətəndaşlarımızın üzərinə də ciddi vəzifə düşür. Hər bir vətəndaş karantin qaydalarına tam əməl etməlidir. Ciddi zərurət olmadan heç kim evdən çıxmamalı, sosial məsafəni qorumalı, maska və əlcəkdən istifadə etməlidir. Elə olduğu təqdirdə virusdan daha tez xilas ola bilərik. Əks halda virusun yayılması uzun müddət davam edə bilər. Hər birimiz özümüzü və yaxınlarımızı qorumalıyıq. Bütün sınaqlardan olduğu kimi, bu imtahandan da xalqımız üzüağ çıxacaq. Pandemiya dövründə hər birimiz daha həssas, diqqətli, təmkinli, səbrli, və ehtiyatlı olmalıyıq"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər