Siyasət

  • 9 013

"Erməni lobbisi narahatdır" ÖZƏL - AÇIQLAMA

image

"Bu vaxta qədər Ermənistana heç bir təzyiq göstərilməyib və BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl 1993-cü ildə qəbul etdiyi 4 qətnamə bu gün kağız üzərindədir. Münaqişənin nizamlanması ilə məşğul olan və tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu özü də bu məsələdə məsuliyyət daşıyır. 28 ildir ki, bu qrup yaranıb. Onun mücərrad və ənənəvi bəyanatları bu status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı biraz da şirnikləndirir. Demək olar ki, Minsk qrupunun yürütdüyü siyasət Ermənistanın işğalı qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü artıq 30 ildir ki, dünya ictimaiyyəti gözü qarşısında baş verir və təkcə Dağlıq Qarabağ deyil, 7 rayon da işğal altındadır:"Bu ilin iyul ayının 12-də bilərəkdən Azərbaycan-Ermənistan sərhədində baş verən bu təcavüz artdı. Bu, ictimai fikri həm Ermənistanda olan ölkədaxili problemlərdən yayındırmaq, həm də Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundan yayındırmaqla yanaşı diqqəti sərhədə yönəltmək məqsədi daşıyırdı. Bu da Ermənistanın açıq şəkildə Azərbaycana təcavüzkar siyasətini nümayiş etdirirdi. Dövlət başçısı son çıxışlarında da bildirdi ki, ATƏT-in Minsk qrupunun təcəvüzkarın adını çəkməsini istəyir, konkret bəyanatlar gözləyirik. Təcavüzkarla təcavüzə məruz qalanı birbaşa fərqləndirmək, birbaşa Ermənistanın Dağlıq Qarabağ və işğal olunmuş 7 rayondan çıxması üçün təsirli tədbirlər görməyə çağırırıq. Lakin, iyul ayının 13-də Minsk qrupunun verdiyi ənənəvi bəyanat yenə də əvvəlkilərin təkrarı idi.Artıq dünyanın bir sıra ölkələrində Azərbaycanı müdafiə məqsədilə Azərbaycan icmalarının dünyanın müxtəlif ölkələrində keçirdiyi tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın həmin ölkələrin səfirlikləri qarşısında və müxtəlif beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Yəni, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində diaspora təşkilatları çox mühüm addımlar atır. Prezidentin də qeyd etdiyi kimi bu, əlaqələndirilmiş şəkildə Diaspora Komitəsinin gördüyü fəaliyyətin nəticəsi kimi də qiymətləndirilməlidir".QHT sədri vurğulayıb ki, həmin ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət qanunverici orqanlarında demək lövbər salıblar, orada təmsil olunurlar:"Yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan mitinqlərin bəzilərində olan qarşıdurmalar heç də təsadüfi deyil. Erməni lobbisi 1971-ci ildə yaradılmış Amerika Ermənilərinin Milli Konqresi tərəfindən idarə olunur. Onlar Azərbaycanı hədəf seçiblər. Azərbaycana qarşı fobia var. Ümumiyyətlə Ermənistan cəmiyyətində bu açıq-aşkar görsənir. Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünyanın və gözümüzün qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarix, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Lakin, ermənilərin yürütdüyü siyasət heç nəyə əsaslanmır. Erməni lobbisi heç bilmir ki, Dağlıq Qarabağ xəritədə harada yerləşir. Bu baxımdan Azərbaycan dövlət başçısının yürütdüyü siyasət, Azərbaycanın xarici siyasətində milli maraqların üstün tutulması, milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət heç şübhəsiz ki, erməni lobbisini razı salmır. Bizi müdafiə edən bir sıra təşkilatlar, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumlar son vaxtlar açıq-aşkar bizi dəstəkləyirlər. Bu da xaricdə təmsil olunan erməni lobbisini narahat etməyə vadar edir.Prezident son çıxışında da bildirdi ki, biz münaqişənin yarımçıq həllini istəmirik. Ədalətli və birdəfəlik həllini istəyirik. Azərbaycanlılar öz torpaqlarına nəyin bahasına olursa-olsun qayıtmalıdırlar. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin qəti və prinsipial mövqeyidir. Ona görə də dünyada azərbaycanlılara qarşı idarə olunan erməni lobbisi tərəfindən yürüdülən siyasət təsadüfi deyil. Bu, Amerika Erməniləri Milli Konqresi tərəfindən idarə olunan məsələdir. Bu baxımdan biz güclü olmalıyıq. Dünyanın bütün ölkələrində azərbaycanlılar səfərbər olub, bu təcavüzkar siyasətin qarşısında birlik göstərib, Azərbaycan dövlətinin yanında olmalıdırlar".

sia.az

Digər xəbərlər