Siyasət

  • 9 568

YAP Səbail rayon təşkilatının fəalları və gəncləri general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarlarını ziyarət edərək Şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad etdilər

image

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin təxribatları ilə pozulan atəşkəs rejimi təkcə Silahlı Qüvvələrimizi ayağa qaldırmadı, hadisələrin sonrakı inkişafının göstərdiyi kimi, bütün xalqımızın səfərbər etdi. Cəbhə xəttindən yayılan rəsmi məlumatlar orada vəziyyətin nə qədər gərgin olduğunu göstərirdi.

Yüksəkrütbəli hərbi qulluqçularımız Azərbaycan əsgəri ilə səngərdə, müdafiənin ön xəttində çiyin-çiyinə qəhrəmanlıqla vuruşaraq işğalçı Ermənistanın sərhəd xəttində törətdiyi təxribatların qarşısını qətiyyətlə aldı və düşmənin xain həmlələrini puç etdi. Düşmən nəinki hədəflədiyi Tovuz yüksəkliklərini ələ keçirməyə, heç bir santimetr də olsun öz postlarından irəli getməyi bacarmadı, əvəzində işğalçının sərhəd boyunca çoxsaylı dayaq məntəqələri, uzunmüddətli atəş nöqtələri, səhra idarəetmə məntəqəsi, hərbi nəqliyyat vasitələri, avtomobil texnikası, düşmənə məxsus kazarma, xeyli sayda canlı qüvvəsi, döyüş texnikası məhv edildi. Hərbi qulluqçularımızın Azərbaycan sərhədinin toxunulmazlığını qətiyyətlə qoruması və düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirməsi insanlarımızda döyüş və qələbə ruhunu əhəmiyyətli dərəcədə yüksəltdi.
Bu ağır döyüşlərdə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla 12 nəfər hərbi qulluqçumuz qəhrəmancasına Şəhid oldular, bir mülki vətəndaş düşmənin atdığı mərmi nəticəsində həlak oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda İyul döyüşlərində qəhrəmancasına Şəhid olan hərbi qulluqçularımıza Allahdan rəhmət, ailələrinə, bütün Azərbaycan xalqına səbr diləyirik. Yaralılarımıza tezliklə sağalıb Vətənin keşiyinə, cəbhədə yoldaşlarının sıralarına dönməyi arzu edirik.
İyulun 22-də YAP Səbail rayon təşkilatında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına Şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir daha ehtiramla yad olundu.
Rayon partiya təşkilatının sədri və bir qrup partiya üzvü, gənclər ilk öncə şəhid general-mayor Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ziyarət etdilər və dövlət sərhədində düşmən təxribatının qarşısını qətiyyətlə alan bütün Şəhidlərimizə ehtiramlarını bildirdilər.
Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı ziyarət olundu, canını Vətən yolunda fəda edən Milli Qəhrəmanımızın və digər şəhidlərimizin məzarları önünə gül dəstələri qoyuldu.
Bütün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir və Vətən sağ olsun deyirik! Hər şey Vətən, hər şey Azərbaycan üçün!

yap.org.az

Digər xəbərlər