Siyasət

  • 8 126

Məhərrəm Əliyev: “Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsibəzi qüvvələrin maraqlarına cavab vermir” ÖZƏL

image

“Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Yaponiyanın və Yunanıstanın ölkəmizə təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etdiyi vaxt irəli sürdüyü mühüm fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Bildiyimiz kimi, məhz yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı ali diplomatik dəyərləri ilə qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev “SƏS” qəzetində dərc edilmiş məqaləsində yazıb.General-polkovnikin qeyd etdiyinə görə, o da bəllidir ki, Türkiyə dövlətinin Şərqi Aralıq dənizi akvatoriyasında tədqiqat aparmasından narahat olduğunu bəyan edən ölkələrdən biri də Yunanıstandır: “Sirr deyil ki, Türkiyə dövləti yalnız yataqlar məsələsində deyil, eyni zamanda Şimali Kiprdə yaşayan türklərin də qarantı olaraq çıxış edir. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi”.General-polkovnik haşiyə çıxaraq onu da xatırladıb ki, əslində Azərbaycanın Türkiyəyə olan bu kimi dəstəkləri daha əvvəllər də olub: “Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən faktor yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, iki sarsılmaz (!) qardaşlığın heç vaxt dəyişilməyəcək, əbədi qalacaq bariz nümunəsidir”.Məhərrəm Əliyev Prezident İlham Əliyevin Türkiyə rəhbərliyinin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini sözün əsl mənasında yerində oturtduğunu da xatırladaraq Azrbaycanın daim Türkiyənin yanında olduğunu yazıb: “Bu mənada, cənab Ali Baş Komandanımız İlham Əliyev ən yüksək diplomatiya məktəbinin ali nümunəsini, bənzərsiz peşəkarlığını göstərərək, Azərbaycanın Türkiyə dövlətinin yanında olduğunu bəyan etdi. O cümlədən, Türkiyəyə qarşı çıxan tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli mövqe Türkiyənindir.Yeri gəlmişkən, bir neçə il öncə cənab Prezident İlham Əliyev beynəlxalq sammitlərin birində Türkiyə rəhbərliyinin həmin toplantıda iştirak etməməsindən sui-istifadə edən Ermənistan rəhbərliyini də sözün əsl mənasında yerində oturtmuşdu. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən varam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara qətiyyətli cavab verməklə, əslində dünya miqyaslı lider olduğunu da sübut etmişdir.Eləcə də, ötən ay Azərbaycan xalqı Türkiyə dövlətinin növbəti qardaşlıq mücəssəməsinin şahidi oldu. İşğalçı Ermənistanın Tovuz rayonu ilə həmsərhəd ərazilərindəki təxribatçılıq əməllərinin ardınca, dərhal dövlət və ali hakimiyyət səviyyəsində bəyanatlar səsləndirən Türkiyə bu dəfə açıq-aydın olaraq tərəf (!) olduğunu vurğuladı”.Prezidentin Hərbi məsələlər üzrə köməkçisi hesab edir ki, cənab Rəcəb Tayyib Ərdoğanın bəyanatı yalnız Ermənistana tərəf yönəlməyib: “Çünki söz yox ki, bu gün Ermənistanın işğalçılıq mövqeyini gizli, ya da açıq qaydada dəstəkləyən ölkələr də bu bəyanatlardan sarsıldılar. Artıq sübut olundu ki, heç bir düşmən münasibəti nümayiş etdirən qüvvə nə Azərbaycanı, nə də Türkiyəni ayrı-ayrılıqda görməyəcək!”.Administrasiya rəsmisi eyni zamanda qeyd edib ki, bu gün Ermənistan rəhbərliyi müəyyən süni görüntülərlə gah işğal altındakı Qarabağa səfərlər edir, gah “Qadınlar sülh naminə” adı altında siyasi oyunbazlıq edib, sonradan silahı Azərbaycanın mülki vətəndaşlarına doğru yönəldir, şəkillər çəkdirib Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayır gah da digər uğursuz cəhdlər edirlər: “Əslində isə onlar ilk növbədə ölkələrində artan və qiyama doğru inkişaf edən xalqın narazılığını pərdələmək üçün cəhdlər göstərirlər. Ancaq fakt budur ki, düşmənin heç bir cəhdləri istədikləri nəticələri verməyəcək və layiqli və birdəfəlik cavabını alaraq rüsvayçı məğlubiyyətə uğrayacaq. Bax, bu həqiqət Ermənistanı ciddi narahat qalmaqda davam edir”.Məhərrəm Əliyev bildirib ki, Türkiyənin regional gücdən beynəlxalq gücə çevrilməsi faktoru da Ermənistana dəstək göstərən bəzi qüvvələrin maraqlarına cavab vermir.“Söz yox ki, bu həqiqətləri biz həm hərbi, həm də digər cəhətlərdən təhlil edir, hansı məcrada olduğunu yaxşı bilirik və Azərbaycan-Türkiyə qardaşlığı timsalında hər zaman istənilən təhdidə layiqli, sərt, qətiyyətli, məğlubedici cavab verməyə hazırıq. Artıq belə bir həqiqət özünü kifayət qədər və danılmaz isbatları ilə təsdiq edib - bu gün regionda əldə edilən uğurlar bilavasitə Türkiyənin və Azərbaycanın birgə səyləridir”, deyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev sözügedən məqaləsinin sonunda vurğulayıb.

sia.az

Digər xəbərlər