Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın dinami̇k inkişaf edən ölkələrindən biri olan Kamboca Krallığı arasında münasibətlər keyfiyyətcə yeni və strateji bir mərhələyə qədəm qoyur. Kambocanın Baş naziri Hun Manetin Bakıya rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkənin gələcək tərəfdaşlıq xəritəsini aydın şəkildə ortaya qoydu. Müasir beynəlxalq münasibətlər sistemində coğrafi məsafələrin gətirdiyi problemlər tədricən ortadan qalxır və yerini qarşılıqlı maraqlara söykənən real tərəfdaşlığa verir.
Dövlət başçısı mətbuata bəyanatında Kamboca Baş nazirinin Bakıya rəsmi səfərini və eyni zamanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Zirvə görüşündə iştirakını yüksək qiymətləndirərək, iki ölkənin beynəlxalq platformalardakı sarsılmaz həmrəyliyini diqqətə çatdırdı.
İki ölkənin qlobal arenadakı mövqelərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və AQEM çərçivəsində hər zaman ardıcıl və qarşılıqlı dəstəyə söykənən səmərəli əməkdaşlıq təcrübəsinə malikdirlər. Beynəlxalq hüququn aliliyinə və suverenlik prinsiplərinə sadiqlik hər iki dövlətin xarici siyasətində aparıcı prioritet təşkil edir. İkitərəfli formatda isə parlamentlərarası dostluq qruplarının fəaliyyəti və diplomatik təmasların intensivləşdirilməsi bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
İkitərəfli münasibətlərin qarşıdakı mərhələsində iqtisadi əməkdaşlığın inkişafı xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələr arasında ticarət dövriyyəsi hələlik aşağı səviyyədə olsa da, mövcud potensial daha geniş imkanlardan xəbər verir. Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması, eləcə də biznes forumunun keçirilməsi iqtisadi əlaqələrin konkret layihələrlə zənginləşdirilməsi üçün mühüm zəmin yaradır. Sənaye, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət edə bilər.
Azərbaycanın dövlət idarəçiliyi sahəsində uğurlu təcrübəsinin, xüsusilə “ASAN xidmət” modelinin Kambocada maraq doğurması da diqqətəlayiqdir. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlığa yalnız iqtisadi deyil, institusional və innovativ təcrübə baxımından da töhfə vermək imkanlarını göstərir. Eyni zamanda, sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması ilə bağlı ənənənin bərpası xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər.
Bəyanatda mina təhlükəsi məsələsinə xüsusi diqqət yetirilməsi də mühüm əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin ciddiliyini göstərir. Bu sahədə Azərbaycan və Kamboca arasında təcrübə mübadiləsi, mütəxəssis hazırlığı və birgə təlimlər praktiki nəticələr verə bilər.
Prezident İlham Əliyevin sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə söykənməli olduğuna dair bəyanatları Azərbaycan Respublikasının dəyişməz və prinsipial mövqeyini növbəti dəfə təsdiq edir. Suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş ölkəmiz hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir və «Böyük Qayıdış» Dövlət Proqramını uğurla icra edir.
Bu baxımdan, Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün mühüm imkanlar yaradır. Siyasi həmrəyliyin iqtisadi və humanitar sahələrdə praktiki əməkdaşlıqla möhkəmləndirilməsi, eləcə də əldə olunmuş razılaşmaların reallaşdırılması iki dövlət arasında tərəfdaşlığın gələcək inkişaf dinamikasını müəyyən edən başlıca amillər olacaqdır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri