Siyasət

  • 9 210

Səbinə Xasayeva: Sürətlə çökməyə doğru gedən Paşinyan rejimi münaqişənin sülh yolu ilə həllində maraqlı deyil

image

“Ötən 30 ilə yaxın dövrdə faşist ideologiyasına xidmət edən Ermənistan rəhbərləri heç bir beynəlxalq qanuna məhəl qoymayıb. Ermənistan rəhbərliyi silahlı qüvvələrinin Azərbaycanın ərazisini tərk etməsi üçün heç bir səy və təşəbbüs göstərmir, hətta yeni torpaqlar tutmağa cəhd edirlər. Amma tam səmimiyyətlə demək olar ki, Aprel döyüşləri və Günnüt əməliyyatları kimi, düşmən təxribatı nəticəsində baş verən Tovuz döyüşlərini səciyyələndirən əhəmiyyətli amil xalq-dövlət-ordu birliyinin tərənnümü oldu. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”. Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Tovuz istiqamətində uğurlu döyüş əməliyyatlarının Ermənistanın ictimai-siyasi və hərbi dairələrində şok effekti yaratdığını qeyd edən S.Xasayeva deyib ki, işğalçı ölkə qarşısında güclü Azərbaycan Ordusunun dayandığının şahidi oldu. “Ermənistanda atəşkəsdən sonrakı dövrdə korrupsiya və kriminal dairələrin güclənməsi bu ölkədə hərbi sənayenin zəifləməsi ilə müşayiət olunur. Erməni əsgər analarının İrəvan küçələrində tez-tez etiraz aksiyaları keçirmələri də düşmən ordusundakı acınacaqlı vəziyyəti sübut edən amillərdən biridir”, - deyən deputat vurğulayıb ki, Azərbaycanın öz əzəli torpağını işğalçılardan təmizləyərək öz ərazi bütövlüyünü bərpa edəcəyindən vahiməyə düşən baş nazir Nikol Paşinyan, faşist rejimin xarici işlər naziri Zöhrab Mnatsakanyan, qondarma rejimin başçısı Araik Arutyunyan təxribatlar törətməkdə davam edirlər. İşğalçı ölkənin rəhbərləri BMT-nin qətnamələrinə məhəl qoymayaraq Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmaqdan açıqca imtina edirlər.
“Bütün deyilənlər onu sübut edir ki, sürətlə çökməyə doğru gedən Paşinyan rejimi münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və onların niyyəti yeni hərbi kampaniyaya başlamaqdır. Bu məqsədlə onlar “könüllü” xalq dəstələri yaratmaq niyyətindədirlər. Keçən əsrin əvvəllərində də daşnak Ermənistan ordusunun təməli həmin terrorçu dəstələrdən təşkil edilmişdi. Ölkədə yaranmış ağır iqtisadi-siyasi vəziyyətlə əlaqədar Ermənistan gənclərinin böyük əksəriyyəti xarici ölkələrdəki qohumlarının yanına sığınıblar. Gərgin vəziyyət səbəbindən gənclərin əksəriyyəti döyüşlərə getməmək üçün müxtəlif bəhanələrlə ölkəni tərk edirlər. Belə bir vəziyyətdə Paşinyan hökuməti muzdlu ordunun yaradılmasını xeyli əvvəldən qanuniləşdirməyə yol açır. Ancaq unudur ki, hansı vasitəyə əl atımasından asılı olmayaraq, həmişə olduğu kimi onun bu məkrli və çirkin siyasəti də uğursuzluğa düçar olacaq”, - deyə Səbinə Xasayeva qeyd edib.

yap.org.az

Digər xəbərlər