Siyasət

  • 7 643

Adil Əliyev: “Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir” MÜNASİBƏT

image

“Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama verib-vermədiyi sualı hələ də açıq qalır. AMEA belə bir açıqlama verilmədiyini bildirir, “Təzadlar” qəzeti isə israrla öz mövqeyinin üzərində dayanır. Bu mübahisəni onların öz ixtiyarlarına buraxıram”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Adil Əliyev mediaya açıqlamasında bildirib.

Lakin Ramiz Mehdiyevin bundan əvvəlki açıqlamalarında da bənzər ittihamların yer aldığını xatırladan vitse-spiker akademikin “nankor və “süfrə qırıntıları ilə yaşayanlar” ittihamları üzərində dayanıb.“Ötən açıqlamasında Ramiz Mehdiyevin əleyhdarlarını “satqın”, “əqidəsini dəyişən”, “həris”, “nankor” kimi səciyyələndirmişdi”, deyə qeyd edən Adil Əliyev qarşı tərəfin “Təzadlar”da dərc olunan açıqlamasının da eyni mahiyyət daşıdığını bildirib və onu da deyib ki, Ramiz Mehdiyevin verdiyi açıqlamanın arxasından nəyə görə qaçması şəxsən ona aydın deyil.Digər tərəfdən, AMEA rəhbərinin əlində olan faktları ortaya qoysa, bir çoxlarının respublikadan baş götürüb qaçacaqları ilə bağlı təhdidinə də münasibət bildirən vitse-spikerə görə, onun bu fikirləri bir zamanlar haqqında yayıldığı ittihamlarla həmahəng səslənir. Adil Əliyev bununla da bağlı arqumentlərini irəli sürüb: “Əvvəla, adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçiribsən, ya da onlara himayədarlıq edibsən. Yox, əgər bunların heç birini etməyibsənsə, niyə indiyə qədər susubsan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etdiyinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir.
İkincisi, “susmasanız, faktları açıqlayaram” məntiqinin cinayət hüququnda bir adı var – şantaj. Ramiz Mehdiyev uzun illərdir dövlət adamı statusunu daşıyır. Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir”.
“Ən əsası isə, bilirsiniz ki, zaman-zaman Azərbaycan ictimai rəyində ölkədə baş verən bir çox qətl hadisələrinin, adam oğurluqlarının, gömrükdən və vergidən yayınmaların başında bu adamın durduğu iddia olunurdu”, deyən Adil Əliyev mətbuatda bu iddiaları təsdiqləyən kifayət qədər məlumatların və dəlillərin olduğunu da xatırladıb: “Bu mənada, həmin təhdidlərin kimlərə ünvanlandığı aydındır. Əlbəttə, sözügedən iddiaların bəziləri sadəcə qarayaxma da ola bilər. Odur ki, həmin adamlar konkret mövqe ortaya qoymalı, iddiaları ciddi dəlillərlə inkar etməli, təhdidlərinə boyun əymədiklərini açıq-aşkar sərgiləməlidirlər”.

sia.az

Digər xəbərlər