Siyasət

  • 7 931

Malik Həsənov: Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinə dəstəkdir

image

«Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkədir. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. Tarixi köklərə, dostluğa, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Hər bir ölkənin inkişafında iqtisadi amili nəzərə alsaq, iki dost ölkənin birgə səyləri, siyasi iradəsi və qətiyyəti nəticəsində reallaşdırılan layihələr təkcə iştirakçı deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir, ölkələr, xalqlar arasında körpünü daha da möhkəmləndirir. Türkiyə-Azərbaycan birliyi beynəlxalq təşkilatlar çərçivəsində də atılan addımlarda öz aydın ifadəsini tapır.»

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Diqqəti Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Prezidentlərinin telefon danışqlarında, eyni zamanda, qarşılıqlı təbrik məktublarında əksini tapan fikirlərə, 2018-ci ildə keçirilən paradda Türkiyə Silahlı Qüvvələrinin «Türk Ulduzları»nın uçuşlar edib səmada Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəklini çəkmələrinə yönəldən M.Həsənov bildirib ki, Bakının azad olunmasının ildönümü Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktubunda bildirir ki, ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.
Millət vəkili onu da bildirib ki, bu gün Azərbayan-Türkiyə münasibətlərinə hansı sahədən baxsaq böyük inkişafın, yeni- yeni hədəflərə doğru birgə addımların şahidi olarıq: «Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Təkcə cari ildə bu birliyi nümayiş etdirən məqamlara diqqət yetirmək kifayətdir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə aksiyalar keçirdilər, ermənilərin əsl siması bir daha dünya ictimaiyyətinə açıqlandı. Dünya bir daha bu reallığın şahidi oldu ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəsmi Ankaranın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın haqlı mövqeyini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından müdafiə edən rəsmi Ankara bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və pinsipləri əsasında həllinin vacibliyini bəyan edir. Düşünürük ki, bu günün əsas müzakirə mövzularından olan Azərbaycan- Türkiyə media platformasının yaradılması da strateji əhəmiyyətli bir qərardır, hər iki dövlətin maraqları baxımından uzunmüddətli perspektivlərə hesablanıb, həqiqətlərimizin təbliğinə, erməni diasporunun apardığı qərəzli kampaniyalara qarşı mübarizəyə böyük dəstəkdir. Göründüyü kimi, bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə əməkdaşlığının media sahəsində qurulmasına böyük ehtiyac vardır.»
M.Həsənov Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlığın da mühüm yer tutduğunu diqqətə çatdırıb: «Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycanda hər iki ölkənin quru qoşunlarının və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyi özündə ehtiva edir. Hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsində də əhəmiyyəti və faydası olduğunu diqqətə çatdırmışdır.»
Malik Həsənov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyətinin Ankaraya səfərini də iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olduğunu qeyd edib: «Milli Məclisin Sədrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilə görüşlərində də bu fikir dönə-dönə qeyd edilmişdir ki, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. Sadiqlik, etibar və qarşılıqlı dəstək əsasında uğurla inkişaf edən bu birlik, həmrəylik dövlətimizin başçısı İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi «Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik» fikirlərində öz əksini tapıb. Bu, dünyaya mesaj olmaqla yanaşı, dostluqda, qardaşlıqda sədaqətin, etibarın təsdiqidir. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi “Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi. Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürümüzü bildiririk» fikirləri sədaqətə, etimada söykənən dostluğun hər iki ölkədə necə rəğbətlə qarşılandığının təsdiqidir.

yap.org.az

Digər xəbərlər