YAP ermənilərin Gəncəni raket atəşinə tutması və insan tələfatı ilə bağlı dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara müraciət ünvanladı

Yeni Azərbaycan Partiyası oktyabr ayının 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raketlərdən atəşə tutması nəticəsində dinc sakinlərin həyatını itirməsi, coxlu sayda insanın yaralanması ilə nəticələnən hərbi təxribat ilə əlaqədar dünya ictimaiyyətinə, əməkdaşlıq etdiyi siyasi partiya bloklarına və siyasi partiyalara növbəti müraciət ünvanlamışdır.

Erməni terrorçularının dinc insanlara qarşı törətdiyi növbəti vəhşilik və onun ağır fəsadları haqqında məlumatların yer aldığı müraciətdə bildirilir: “Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını “Toçka-U” raket sistemindən atəşə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir.
Həmçinin, Ermənistan silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını növbəti dəfə hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.”
Yeni Azərbaycan Partiyasının müraciətində daha sonra qeyd olunur: “Ermənistanın bu barbarlığı Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada 11 saat davam edən gərgin danışıqlarının nəticəsində əldə olunan və 10.10.2020-ci il saat 12:00-da qüvvəyə minən humanitar atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasıdır.
Atəşkəsin ilkin dəqiqələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, mülki obyektlərini, dinc əhalisini atəşə tutmaqda davam edir. Bununla da işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, insanlıq əleyhinə yeni cinayətlərə imza atmaqdadır.”
Yeni Azərbaycan Partiyası, erməni terrorunun insanlığa və bəşəriyyətə bir təhlükə olduğunu nəzərə çatdıraraq, dünya siyasilərini müraciətində daha sonra bildirib: “1990-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsində Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə həyata keçirən, minlərlə uşağı və qadını qətlə yetirən Ermənistan dinc sakinlərə qarşı sistemli terror əməllərini bu gün də davam etdirir. 1994-cü ildə əldə olunan və bu ilin 27 sentyabrınadək davam edən atəşkəs rejimi müddətində də Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisini hədəfə almış, onlarla uşağın ölümünə və yaralanmasına səbəb olan terror aktları həyata keçirmişdir.
Sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədilməsindən etibarən isə bu ölkə tərəfindən Azərbaycanın dinc əhalisinə, əhalinin sıx məskunlaşdığı şəhərlərə və yaşayış məntəqələrinə hücumlar yeni mərhələyə yüksələrək daha geniş miqyas almışdır. Ermənistanın bu cinayətkar hücumları nəticəsində aralarında məktəblilər də olmaqla 41 mülki şəxs öldürülmüş, 200-dən artıq yaralanmış, mindən artıq ev və digər mülki obyektlər dağıdılmışdır.”
Yeni Azərbaycan Partiyasının müraciətində sonda qeyd olunur: “Daim tərəfləri atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə öz münasibətini bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat keçdikdən sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin hədəfə alınması, eləcə də Azərbaycan silahlı qüvvələrinə olan son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.
Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq ictimaiyyəti, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq.”
Müraciət Avropa və Asiyanın 37 ölkədən 57 siyasi partiyalarına, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanmışdır..

yap.org.az