"Ermənistan rəhbərliyinin rəsmi mövqeyi ilə hərbi əməliyyatlar zamanı əsir alınmış din xadimlərinin verdikləri açıqlamalar arasında böyük ölçüdə ziddiyyətli fərqlər var. Erməni din xadimləri bəyan edirlər ki, onları hərbi əməliyyatlara zorla cəlb ediblər. Bu, onu göstərir ki, Ermənistanda demoqrafik resurslar tükənir. Ermənistan rəhbərliyi müharibəyə başlayarkən nəzərə almalı idi ki, Azərbaycanın əhali resursları onunla müqayisədə beş dəfə çoxdur. İki milyon əhalisi olan bir ölkə on milyon əhalisi olan bir ölkəyə qarşı duruş gətirə bilməzdi". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Ekspert bildirib ki, üstəgəl, iqtisadi gücümüz Ermənistanla müqayisə olunmaz dərəcədə böyükdür: "Artıq bu əməliyyatların Ermənistana 2.7 milyard dollar zərər vurduğu barədə açıqlamalar verilib. Digər yandan, daxili borcun artması da onu göstərir ki, Ermənistan bu müharibəyə duruş gətirmək imkanlarına malik olmayan tərəf idi. Din xadimlərinin əməliyyatlara cəlb olunmasına gəldikdə isə burada demoqrafiya ilə yanaşı, digər amillər də var. Ermənistan ciddi cəhdlə bu əməliyyatlara “sivilizasiyalararası savaş” donu geyindirməyə çalışır. Xüsusən də, Avropa-xristian birliyinə məsələni bu kontekstdə çatdırmaq istəyir. Öz “tezis”indən də istifadə edərək, Avropa ilə bərabər, Rusiyadan dəstək almaq niyyətindədir. Lap əvvəldən Ermənistan tərəfinin iddiası bu idi ki, bu, etnik bir savaşdır, sonra isə buna dini don geyindirməyə çalışıb.Politoloq bildirib ki, Fransada “Şarli Hebdo” jurnalı Məhəmməd peyğəmbəri təhqir edən karikatura dərc etdi: "Fransa ilə yanaşı, digər Avropa dövlətlərində də İslamofobiyanın olduğunu göstərən faktlar var. Fransa tərəfinin bu addımı isə 1.5 milyard müsəlmanın etirazına səbəb oldu. Belə bir məqamda da, Ermənistan din xadimlərini ön xəttə göndərərək, prosesə dini don geyindirmək istədi ki, guya savaş xristianlar və müsəlmanlar arasında gedir. Amma Azərbaycanın nə qədər multikultural və tolerant ölkə olduğunu göstərən kifayət qədər faktlar var. Ən əsası, Ermənistanın monoetnik dövlət olması, Azərbaycanda isə 40-dan çox etnosun dinc şəraitdə yaşaması göstərir ki, qarşı tərəfin bununla bağlı cəhdləri heç bir nəticə verməyəcək".E.Manafov vurğulayıb ki, Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində pravoslav məzhəbindən olan vətəndaşımızın həlak olması ilə bağlı Azərbaycandakı pravoslav və yəhudi icmalarının verdiyi açıqlamlar, hesab edirəm ki, Avropa dövlətlərinin diqqətindən yayınmayacaq.
sia.az