Siyasət

  • 6 344

Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

image

“İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə kimin kim olduğunu göstərdi. Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiyanın xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi: “Azərbaycanın bu humanist addımının qarşılığında ermənilər yenə də öz xislətlərini gizlədə bilməyərək evləri dağıtdılar, yerlə-yeksan etdilər, ağacları yandıraraq bir daha barbarlıqlarını nümayiş etdirdilər. Hər addımda beynəlxalq hüquqa məhəl qoymayan ermənilərə yenə də “gözün üstə qaşın var” deyilmir, susmaq çıxış yolu hesab edilir. Məhz mənfur düşmən bu susmalara arxalanaraq hesab edirdi ki, 28 ildən artıq münaqişənin həlli prosesinin uzanmasına nail olubsa, demək, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, havadarları daim onları müdafiə edəcək, arxasında duracaq, onların əvəzinə müharibə aparacaqlar. Amma ermənilər unudurdular ki, saxta tarix yazmaqla ədaləti üstələmək qeyri-mümkündür.”
Millət vəkili bildirib ki, münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü düşünən, işğalçı Ermənistana dəstək funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar, aparıcı dövlətlər sonda ədalətin, tarixi faktlara əsaslanan təbliğatın qalib gəldiyini gördülər: “Azərbaycan dövləti bu müddət ərzində “Dağlıq Qarabağ gündəlik işimizə çevrilməlidir” bəyan etməklə həm daxildə milli qürur, vətənpərvərlik hisslərinin daha da güclənməsinə, həm də beynəlxalq müstəvidə münaqişənin əsl mahiyyətinin çatdırılmasına, informasiya müharibəsində qalibiyyətə nail oldu.”
“Cənab İlham Əliyev xalqa müraciətində, eyni zamanda, torpaqlarımızın işğalına həmin dövrdə hakimiyyətdə olan AXC-Musavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasətinin şərait yaratdığını önə çəkərək Paşinyanın simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin simasını görməyin mümkünlüyünü vurğuladı” söyləyən M.Həsənov qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycan son 17 ildə bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi sayəsində diplomatik qələbələrinin miqyasını daha da genişləndirərək İkinci Qarabağ müharibəsində şanlı zəfərimizi şərtləndirdi. Döyüş meydanında qələbəmizdə münaqişənin həlli üçün yaradılan möhkəm hüquqi baza əsas rol oynadı.
Millət vəkili, həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söylədiyi “Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik” fikirlərin qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdığını da bildirib: “Artıq möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş şəhərlərimizin baş planı hazırlanır. Öz tarixi sahibinə qayıdan bütün torpaqlarımızda həyat bərpa olunacaq, malik olduqları potensialdan istifadə etməklə iqtisadi gücümüzü daha da artıracaq, Azərbaycan ən islahatçı, yenilikçi ölkə, xalqımız dünyanın ən xöşbəxt xalqı kimi mövqeyini möhkəmləndirəcək, Azərbaycanın qarşısında yeni-yeni üfüqlər açılacaq.”

yap.org.az

Digər xəbərlər