Siyasət

  • 7 219

"Fransa mövcud vəziyyətlə barışmalıdır" - ŞƏRH ÖZƏL

image

"Sentyabrın 27-i ikinci Qarabağ müharibəsi başlayandan bəri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransa neytral mövqe nümayiş etdirmək əvəzinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, işğalçı Ermənistanın maraqlarından çıxış edir və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Bu isə onun həmsədr ölkə kimi qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasından xəbər verir. Əslində, bu cür mövqe sərgiləməklə Fransa bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində yox, əksinə münaqişənin yenidən alovlandırılmasında, birbaşa işğalçılığa və separatizmə dəstək verməkdə maraqlı olduğunu ortaya qoyur". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloqun sözlərinə görə, Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifi ermənipərəst, anti-azərbaycan, anti-türk mövqeli və ruhlu senatorlar tərəfindən qəbul olunub: "Bu baxımdan da Senatın beynəlxalq hüququ kobud şəkildə pozaraq bu cür “fəallıq” göstərməsinin izahı onun erməni sadiqliyindən başqa bir şey deyil. Senatın qərarının heç bir hüquqi qüvvəsi yoxdur, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökümətinə təqdim olunacaq. Düşünürəm ki, hökümətin bu qərara münasibəti mənfi olacaq. Əks təqdirdə Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik nümayiş etdirmiş olacaq. Bu eyni zamanda BMT Nizamnaməsinə, Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində həmsədrlik statusundan irəli gələn vəzifə və öhdəliklərinə ziddir. Nəzərə alsaq ki, Fransa həm də məlum dörd qətnamənin lehinə səs verib, bu cür addımlar atmaqla əslində Fransa Senatı öz-özünü inkar etmiş olur ki, bu da Fransanın beynəlxalq imicinə zərbədir. Bu qərarın dəstəklənəcəyi təqdirdə Fransanın Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq".Ekspert bildirib ki, 10 noyabrda Rusiya Prezidenti və münaqişə tərəfləri arasında bəyanat imzalandı və bu bəyanata əsasən də Azərbaycan suveren hüququndan istifadə edərək öz ərazi bütövlüyün təmin edir: "Onu haqq yolundan heç bir qüvvə döndərməyəcək. Bu isə bizə Fransa ilə gələcək münasibətləri yenidən nəzərdən keçirməyə əsas verəcək. Bu baxımdan da bitərəfli tanınma Fransa üçün faydalı deyil".Ş.Həsənova vurğulayıb ki, eyni zamandan, cənab Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın, qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduqları planları Cənab Prezident İlham Əliyev kökündən məhv etdi: "Bu baxımdan da yaranmış yeni reallıqlar fonunda Fransa da mövcud vəziyyətlə barışmalı, Ermənistanı da bu reallıqlarla barışmağa çağırmalıdır. Fransa Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır. Görünür ki, nizamlama prosesindən kənarda qalan Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı atdıqları nəticəyönümlü addımları həzm edə bilmir".

sia.az

Digər xəbərlər