Siyasət

  • 4 508

Malik Həsənov: Azərbaycan zəngin mədəni irsə malik olan ölkədir

image

“Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasına başlayıb.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qarşıdakı dövr üçün hədəfləri diqqətə çatdırıb. Mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Azərbaycan çox zəngin mədəni irsə malik olan ölkədir. Uzun illər başqa dövlətlərin tərkibində yaşamağımıza baxmayaraq milli köklərə bağlılığımız imkan verməyib ki, xalqımız assimilyasiyaya uğrasın. Mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb.
Millət vəkili qeyd edib ki, cənab İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi Qarabağın incisi, musiqimizin məbədi və beşiyi olan füsünkar Şuşamızın işgaldan azad edilməsindən keçirdiyimiz qürur hissinin aydın mənzərəsini yaradır: “Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad edildiyi tarix Zəfər Günü kimi təsis edildi. Cənab İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından xalqımıza çatdırarkən bu fikri böyük fəxrlə qeyd etmişdir ki, bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
“Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şuşa nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər” söyləyən M.Həsənov bildirib ki, Qarabağda, Şuşada, onun "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı bərpa ediləcək.
“Keçmişini sevən, bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlərlə baxan xalq hər zaman tarixin sərt sınaqlarından üzüağ çıxar, milli varlığını, mövcudluğunu qoruyar. Bunu Azərbaycan xalqının timsalında daha aydın görürük. Dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində də milli-mənəvi dəyərlərinə, tarixi-mədəni irsinə bağlılığı əsas yer tutdu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi və sair kimi biri-birindən önəmli addımlar zəngin tariximizə, dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib olmağımızdan irəli gəlir”, - deyə millət vəkili bildirib.
M.Həsənov bugünümüzün çağırışları sırasında mədəni irsimizin qorunmasının, Azərbaycan mədəniyyətinin dünyada təbliğinin, gənclərimizin milli ruhda tərbiyəsinin öndə dayandığını xüsusi qeyd edərək bildirib ki, birliyimizi, həmrəylimizi, 44 günlük müharibədə nümayiş etdirdiyimiz dəmir yumruğumuzu hər zaman qorumalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.
“Bu birlik, həmrəylik ruhunda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərini həyata keçirəcəyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanında da məqsəd işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin dəstəklənməsidir” söyləyən millət vəkili qeyd edib ki, bu istiqamətlərdə hər bir şəxsin göstərəcəyi dəstək tarixi Qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.
M.Həsənov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə də münasibət bildirərək vurğulayıb ki, bu kimi addımlar 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi “Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq” bəyanatı ara ayvazyan kimilərə ciddi mesajdır.

yap.org.az

Digər xəbərlər