Beynəlxalq təşkilatlar erməni terrorunu dünyaya çatdırmaqda rol oynamalıdır - ŞƏRH ÖZƏL

"44 gün davam edən Vətən müharibəsi ilə əlaqədar Amnesty İnternational yeni hesabat hazırlayıb və zaman-zaman Azərbaycana qarşı qərəzli mövqedə olan bu təşkilatın məsələ ilə bağlı regionda tədqiqat aparmaq üçün müraciətinə Azərbaycan tərəfi müsbət baxıb. Bu, hesabatda görünür ki, reallıqları özündə əks etdirir. Eyni zamanda hesabatda göstərilir ki, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər bir sıra qeyri-qanuni hərəkətlər, eyni zamanda, qeyri-dəqiq ballistik raketlərdən, yayılım atəşi sistemlərindən istifadə olunmaqla, dinc, mülki, sivil insanlara qarşı müharibə cinayətlərinin törədilməsi faktı qeydə alınıb". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloqun sözlərinə görə, bütün bu hallar beynəlxalq humanitar hüququn pozulmasıdır və müharibə cinayətləri hesab olunur: "Hesabatda qeyd olunur ki, 72 nəfər dinc sakin Ermənistanın törətdiyi vəhşi əməllər nəticəsində həlak olub və hesabata görə 7 raket zərbəsi qeydə alınıb. 17 oktyabr Gəncə terroru, daha sonra 28 oktyabr Bərdənin Qarayusifli kəndi ilə bağlı verilən hesabatda geniş məlumat yer alıb. Qeyd etmək istəyirəm ki, digər beynəlxalq insan hüquqları təşkilatlarının da regionda səfərdə olması, bu tipli tədqiqatlarla məşğul olması erməni terrorunun əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqda yardımçı ola bilər".İ.Hüseynov vurğulayıb ki, Amnesty İnternational təşkilatının bu yanaşması, apardığı tədqiqat, ortaya çıxardığı faktlar və onların hesabatda qeyd olunması təqdir olunan bir haldır: "Çünki erməni terrorunun iç üzünü bütün dünyaya açmaq gərəklidir. Ermənistan müharibə dövründə ballistik raketlərdən, scud tipli raketlerdən istifadə edib. Eyni zamanda, kaset tipli bombalardan da istifadə olunurdu ki, bunun da əsl səbəbi daha çox insan tələfatına səbəb olan zərbələr endirmək idi. Məsələni daha da qəlizləşdirən, onu daha qanlı və çoxlu insan tələfatına səbəb olmasını göstərən hal odur ki, Gəncəyə endirilən raket zərbələri gecə saatlarında olub və erməni tərəfi bunu etməklə daha çox insanın həlak olmasını qərəzli şəkildə əvvəlcədən düşünərək edib. Ermənistan bu hərəkəti qarşısında beynəlxalq instansiyalarda, beynəlxalq məhkəmələrdə cavab verməlidir. Lakin təəssüflər olsun ki, hələ də bu cinayətkarlar istintaqa cəlb olunmayıb".

sia.az