Cavid Osmanov: Azərbaycan bundan sonra da beynəlxalq əhəmiyyətli layihələrə imza atacaq

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının pandemiya səbəbindən videokonfrans formatında təşkil edilməsinə baxmayaraq, tədbir çox geniş tərkibdə baş tutdu. İclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı təmsil olundu. Məlumdur ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına Bakı şəhəri ev sahibliyi edir. Bu da təsadüfi deyil. Çünki dünyanın ən mühüm meqalayihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan, daha dəqiq desək, Prezident İlham Əliyevdir. Meqalayihənin təşəbbüsü irəli sürüləndə bəzi qüvvələr, xüsusilə də ölkəmizə qarşı olan dairələr onun həyata keçirilməsi ehtimalının az olduğunu, hətta, ümumiyyətlə, reallaşmayacağını deyirdilər. Lakin zaman bunun əksini sübut etdi. On il əvvəl təşəbbüs kimi irəli sürülən bu möhtəşəm meqalayihə artıq reallaşıb və öz bəhrəsini verməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Cavid Osmanov bildirib ki, bir çox ölkəni birləşdirən Cənub Qaz Dəhlizi kimi meqalayihəni həyata keçirmək böyük siyasi qətiyyət və düşünülmüş siyasət tələb edir. Bu cür layihələrin maliyyə tutumu da kifayət qədər böyük məbləğdə olur, ölkələr və şirkətlər bəzən bunu özləri üçün riskli hesab edirlər. Amma Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və dünya miqyasında etimad qazanmış siyasi xadim olması Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında bu kimi maneələri aradan qaldırıb. Artıq Azərbaycan Avropanın davamlı və etibarlı enerji mənbəyinə çevrilib. Təbii ki, bu da öz növbəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olan ölkələrinin sayını artırır. Ölkələrin sayının artması ilə tərəfdaşlıqlar daha da güclənir.
Millət vəkilinin sözlərinə görə, bu layihənin reallaşması Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. Bu, həm də ölkəmiz üçün yarana biləcək qlobal risk və təhdidlərdən qorunmaq baxımından əvəzedilməz bir layihədir. Azərbaycan artıq Avropa, eləcə də dünya üçün enerji və nəqliyyat mərkəzinə çevrilməyi bacarıb. Bütün bunların əsasında isə Prezident İlham Əliyevin düşünülmüş və ölkəmizin gələcək inkişafına yönəlmiş uğurlu siyasəti dayanır.
C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VII iclasında Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına sahib olmasını vurğulamaqla yanaşı, ölkəmizin alternativ və bərpaolunan enerji mənbələrindən istifadədə maraqlı olduğunu diqqətə çatdırdı: “Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” ilə təmin ediləcəyini bildirdi. Bu da özlüyündə Azərbaycan dövlətinin gələcəyə baxışından xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti ilə Azərbaycan bundan sonra da beynəlxalq əhəmiyyətli layihələrə imza atacaq, bununla da ölkəmizin firavan gələcəyi təmin olunacaq”.

yap.org.az