Elşad Mirbəşiroğlu: 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasında kompleks amillər dayanır

“44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasında kompleks amillər dayanır. Təbii ki, Azərbaycan Ordusunun gücü həlledici oldu. Amma Qələbəni şərtləndirən digər amillər də vacib idi və biz bunu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi zamanı aydın müşahidə etdik. Müasir beynəlxalq münasibətlər sistemini səciyyələndirən başlıca məqamlardan biri də ondan ibarətdir ki, istənilən iqtisadi, hərbi, hərbi-siyasi və digər addımın uğurunun təmin olunması üçün hər şeydən əvvəl onun siyasi əsaslarını yaratmaq lazımdır. Ermənistanın işğalçılıq siyasətinin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev çoxvektorlu fəaliyyət strategiyasına üstünlük verdi. Yəni, bütün istiqamətlərdə həyata keçirilən fəaliyyətlər bu və ya digər dərəcədə həm də ölkənin ərazi bütövlüyünün təmin olunmasına xidmət edirdi”. Bu fikirləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.E.Mirbəşiroğlu bildirib ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi üçün Azərbaycan tərəfi bütün konstruktiv, milli maraqlarımıza və münaqişə vəziyyətində ədalətli mövqelərimizə zidd olmayan təşəbbüsləri dəstəkləyirdi. Bununla yanaşı, Silahlı Qüvvələrimizin dünyanın ən güclü orduları sıralarında yer alması üçün də davamlı addımlar atılırdı. Məşhur “Sülh istəyirsənsə, müharibəyə hazır ol!” prinsipinə istinad hər zaman aydın müşahidə olunub. Son illərdə Azərbaycan iqtisadi potensialına, güclü Ordusuna söykənərək beynəlxalq arenada öz milli maraqlarını daha inamla müdafiə edirdi. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı haqlı mövqeyini dünyaya qəbul etdirməyə başlamışdı. Münaqişənin tənzimlənməsi ilə bağlı formalaşmış qlobal ictimai rəy ondan ibarət oldu ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu, olduqca əhəmiyyətli nəticə, diplomatik nailiyyət idi.Millət vəkilinin sözlərinə görə, bu diplomatiyanın mərkəzində məhz Azərbaycan Prezidenti İlham Əliyev dayanırdı. Bütün beynəlxalq tribunalardan münaqişəyə dair haqlı mövqeyini dünyaya çatdırmaqla yanaşı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında danılmaz arqumentlərə söykənərək, aydın təsəvvürlər formalaşdırdı. Bu istiqamətdə Ermənistanın baş naziri N.Paşinyanın da iştirak etdiyi müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti tərəfindən işğalçı Ermənistanın ifşa olunması, faşizm ideologiyasını inkişaf etdirən təcavüzkar dövlət olduğunun ciddi faktlarla əsaslandırılması çox təsirli oldu. Bu mənada, ötən il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin panel müzakirəsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev Münhen debatı ilə Vətən müharibəsindəki tarixi Qələbəmizin ən strateji siyasi elementini yaratdı.Deputat qeyd edib ki, Vətən müharibəsinə qədər Prezident İlham Əliyev artıq diplomatiya və informasiya savaşında inamlı Qələbəni təmin etmişdi. Bu Qələbədə Münhen debatının xüsusi çəkisi var idi. Ermənistanın baş nazirini siyasi-diplomatik meydanda çox asanlıqla məğlub edən Azərbaycan Prezidenti İlham Əliyev həm münaqişəyə dair haqlı mövqeyimizi, həm də ümumiyyətlə milli maraqlarımızı inamla müdafiə etdi. Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan Prezidentinin səsləndirdiyi faktlar fonunda təcavüzkar Ermənistanın baş nazirinin fikirləri auditoriya tərəfindən qəbul edilmədi. Prezident İlham Əliyev dərin tarixi biliyi, siyasi müdrikliyi və diplomatik məharəti ilə N.Paşinyanın simasında Ermənistanın təcavüzkar, işğalçı dövlət obrazını beynəlxalq ictimai şüurda daha da möhkəmləndirdi. Bununla da Azərbaycanın hərbi qələbəsinin ən mühüm siyasi komponentlərindən birini də formalaşdırmış oldu.

yap.org.az