Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur. SİA xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşlərdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğal ediblər.Qaradağlı kəndi - Xocavənd rayonunun, eləcədə Dağlıq Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olan bu kənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşir. 1988-ci ildən, Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də faciəli günləri başladı. Kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə apardılar. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda etmiş, Vətən, doğma torpaq uğrunda şəhid olmuşdular.Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər 1992-ci il fevralın 17-də bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. Məhz həmin gün Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmişdir.Ümumilikdə, Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.
sia.az