Sevinc Hüseynova: Ermənistanın başqa alternativ yolu yoxdur

“Ermənistanda revanşist qüvvələrin Azərbaycana qarşı növbəti təxribatları və növbəti müharibə ilə hədələmək cəhdləri əvvəlcədən iflasa məhkumdur. Çünki müharibədən öncə də Ermənistanda çox ağır böhran vəziyyəti yaşanmışdı, sosial-iqtisadi, ictimai-siyasi sahədə böyük problemlər mövcud idi. Həm müharibə, həm də koronavirus bu vəziyyəti daha da ağırlaşdırdı”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, hazırda Ermənistanda bütün sahələrdə, o cümlədən maliyyə, səhiyyə, humanitar vəziyyət kəskin ağırlaşıb. Digər tərəfdən, müharibədə ölənlərin ailələrinə, yaralananlara maddi, psixoloji və digər yardımlar göstərmək, pensiya vermək lazımdır, ancaq bu gün Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət bu problemləri həll etməyə qadir deyil. Eyni zamanda, Ermənistanda mənəvi-psixoloji durum da çox ağırdır. Çünki 44 günlük müharibədə Azərbaycan ordusunun şanlı qələbəsi və Ermənistanın rüsvayçı kapitulyasiyası ölkəni diz üstə çökdürüb və bu ağır məğlubiyyət yükünü nəinki bugünkü Ermənistan, ümumiyyətlə gələcək nəsilləri daşıyacaq və Ermənistan bu şok vəziyyətindən uzun illər çıxa bilməyəcək. Bu da təbii ki, Ermənistanın 30 ilə yaxın apardığı işğalçılıq siyasətinin nəticəsidir.
Millət vəkilinin sözlərinə görə, Ermənistan rəhbərləri öz orduarı haqqında miflər yaradırdılar, əfsanələr qururdular, onlar bu müddət ərzində əhalini aldadırdılar, guya ki, məğlubedilməz ordunun olduğuna inandırmağa çalışırdılar: “Onlar istəklərini reallıq kimi qəbul ediblər, ancaq 44 günlük müharibə ərzində gördülər ki, onların arzu etdikləri, düşündükləri ordu reallıqda yoxdur. Bu gün Ermənistanda artıq rəhbərlik səviyyəsində də etiraf olunur ki, onlar hər zaman arzuladıqlarını reallıq kimi qəbul ediblər və onu da etiraf edirlər ki, müharibə dövründə 10 mindən çox fərarilik halı qeydə alınıb. Azərbaycan ordusunda isə bir dənə də olsun fərarilik halı qeydə alınmamışdı, əksinə hərbi komissarlıqlar qarşısında insanlar könüllü olaraq sıraya düzülürdülər ki, müharibəyə getsinlər. Ermənistanda tam şəkildə səfərbərlik elan edilmişdi, Azərbaycan isə qismən səfərbərlik etməklə müharibədə zəfər qazandı. Ermənistanda revanşist qüvvələr bilməlidirlər ki, onların bu iddiaları absurddur. Ermənistanın hər hansı müharibə etməyə heç bir imkanı yoxdur və yeni müharibə isə sadəcə Ermənistanın məhvi deməkdir. Təbii ki, onların bu cür absurd iddiaları iflasa məhkumdur. Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlayıb və qısa müddət ərzində həmin bölgə çiçəklənən bir diyara çevriləcək. Ermənistanın isə çıxış yolu yalnız reallığı qəbul edib regionda əməkdaşlığa qoşulmaq və böhran vəziyyətindən çıxmağa çalışmaqdır. Ermənistanın başqa alternativ yolu yoxdur”.

yap.org.az