Siyasət

  • 6 595

Davamlı sülh ümumbəşəri sosial-siyasi dəyərdir

image

44 günlük Vətən Müharibəsinin yekunlaşmasından sonra Azərbaycan dövləti üçün qarşıda duran əsas prioritet məsələlər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və həmin ərazilərdə iki xalqın nümayəndələrinin birgə, sülh və əmin-amanlıq içində yaşamasıdır. İlk baxışda erməni və azərbaycanlı əhalinin birgə yaşayışı olduqca çətin görünsə də tarixi aspektdən bunun mümkünlüyü artıq sübut olunub. Hər birimizə məlumdur ki, keçmişdə-SSRİ-nin tərkibində olarkən iki xalqın nümayəndələri bir-biri ilə dostluq münasibətləri içində yaşayıb. Ümid etmək olar ki, bundan sonra da bu münasibətləri yenidən bərpa etmək mümkün olacaq.Azərbaycanda illərdir ki, davam etdirilən multikultural siyasət onu deməyə əsas verir ki, ölkəmizdə yaşayan bütün etnik qruplar və millətlər ümumdövlət mənafeləri və dəyərləri uğrunda birləşməyə hazırdır. Bunu həm 1992-1993-cü illərdəki Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən Müharibəsi sübut edir. Hər iki müharibədə də digər millətlərin nümayəndələri canlarını heçə sayaraq ərazi bütövlüyümüz uğrunda vuruşmuş və canlarından keçmişdir. Belə ki, Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunov hələ də hərkəsin xatirəsindədir. Onunla yanaşı, Birinci Qarabağ Müharibəsinin rus əsilli şəhidi Yura Kovalyov da unudulmuyub. Daha bir rus əsilli şəhidimiz Vətən Müharibəsinin şəhidi Solnsev Dmitri Aleksandroviç də hər birimizdə böyük hörmət və fəxr hissi yaratmışdı. Əslində bu siyahını uzatmaq və bir çox igid oğullarımızın adlarını sadalamaq olar. Amma buna ehtiyac yoxdur. Azərbaycanda müxtəlif vaxtlarda və müxtəlif müstəvilərdə daim fərqli etnik köklərə mənsub vətəndaşlarımız ölkəmizin adının beynəlxalq müstəvilərdə qaldırılmasında iştirak etmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçmişdir. Bəli, milliyətindən asılı olmayaraq hər bir vətəndaşımız vahid Azərbaycan üçün canını verməyə hazırdır. Biz, onların hər biri ilə qürur duyur, fəxr edirik. Beləliklə, Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da-bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizim hər birimizi birləşdirən dəyərdir. Ümummili lider Heydər Əliyev də çox millətliliyimizin milli sərvətimiz olduğunu demişdir. “...Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar”.Bəli, Azərbaycan fərqli xalqların nümayəndələrinə daim qucaq açan, onların milli hüquqlarına, dinlərinə, dillərinə və ləyaqətli yaşamaq haqlarına hörmətlə yanaşan tolerant bir ölkədir. Şübhə yoxdur ki, gələcəkdə-azərbaycanlı əhalinin öz doğma yurd-yuvalarına qayıdacağı dövrdə də azərbaycanlı əhali erməni əhali ilə yan-yana yaşayacaq və heç bir qarşıdurma, neqativ hal yaşanmayacaqdır. Unutmaq olmaz ki, 30 illik müharibə xalqların yox, dövlətlərin müharibəsidir. Və hazırda, müharibə bitib, haqq öz yerini tapıb, ədalət bərpa olunub. Bundan sonra hər iki xalqın nümayəndələri də birgə yaşamağa, qurub-yaratmağa çalışmalı və keçmişin ağrı-acılarını kənara qoymalıdır. Xüsusilə, erməni xalqı qəbul etməlidir ki, onlar Azərbaycan torpaqlarında yaşayırlar və Azərbaycanın qayda-qanunlarına tabe olmalıdırlar. Erməni xalqı Azərbaycan dövlətinin idarəçiliyi altında əvvəlkindən də gözəl yaşayacağına onsuzda zamanla şahid olacaq.Dövlət başçımız cənab ilham Əliyevin də müharibə dövründə beynəlxalq mediaya verdiyi müsahibələrində dəfələrlə vurğuladığı kimi işğaldan azad olunmuş ərazilərimizdə bir çox sosial paketlər reallaşdırılacaq və Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir. Azərbaycan isə bunu dəyişdirəcək və Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya biləcəklər. Cənab ilham Əliyevin 26 fevral 2021-ci il tarixindəki mətbuat konfransında dediyi kimi, Xankəndində, Xocalıda, Xocavənddə yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Sitat: “Biz onları Azərbaycan vətəndaşları hesab edirik, onların beynini yeyiblər”. Qısacası, erməni xalqı sülhün xeyrini görəcəkdir. Həm maddi, həm mənəvi olaraq.Sonda, bir daha vurğulamaq istərdim ki, bölgədə davamlı sülhün təmin olunması üçün hər iki dövlət də var gücü ilə çalışmalıdır. Azərbaycan bunun üçün hazırdır. Ermənistan hakimiyyəti də daxili çaxnaşmalardan və revanşist ideologiyadan əl çəkərək Azərbaycanla və təbii ki, Türkiyə ilə də əlaqələrini düzəltməyi özünə əsas istiqamət seçməli və qəbul etməlidir ki, Ermənistanın müstəqil ölkə kimi varlığını davam etdirməsi bundan asılıdır. Əks təqdirdə Ermənistan indiyə qədər olduğu kimi bundan sonra da regional və beynəlxalq layihələrdən kənar qalacaq və digər ölkələrdən vassallığı davam edəcək.

Arzu Cahangirova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Pirallahı rayon Komitəsinin sədri

sia.az

Digər xəbərlər