Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa önəm verir - ŞƏRH ÖZƏL

“Azərbaycan Qarabağ savaşında əldə etdiyi zəfərlə regionda və ümumilikdə dünya siyasi arenasında gücünü daha da artırdıqdan sonra dövlətlər və beynəlxalq təşkilatlarla mövcud olan əməkdaşlığı dərinləşdirməklə yanaşı, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Bu təşkilatlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır ki, martın 4-də Təşkilatın XIV onlayn Zirvə toplantısı keçirildi. Toplantı zamanı üzv dövlətlərin rəhbərləri bir daha ölkə başçımız cənab İlham Əliyevi zəfər münasibətilə təbrik etməklə yanaşı, bundan sonrakı mərhələdə əməkdaşlığın daha da dərinləşdirilməsində hər bir tərəfin maraqlı olduğunu ifadə etdilər. Bu isə ondan xəbər verir ki, Azərbaycan ayrı-ayrı dövlətlərlə olduğu kimi, regional və beynəlxalq təşkilatlarla da səmərəli və faydalı iş mexanizmi üzrə əməkdaşlıq etməkdə etibarlı tərəfdaş qismində çıxış edir”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, təşkilat regionda ticarətdə məhdudiyyətlərin aradan qaldırılmasını, daxili və regionlararası ticarəti genişləndirməyi, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılmasını və tariflərin azaldılmasını, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini əsas məqsədlər kimi müəyyənləşdirir ki, Azərbaycan da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə yaratmış olduğu yeni geosiyasi reallıqlar kontekstində bu amilləri dəstəkləyən başlıca ölkələrdən biri qismində çıxış edir: “Azərbaycan həm bu təşkilata üzv olan ayrı-ayrı dövlətlərlə individual şəkildə, həm də İƏT çərçivəsində əməkdaşlıq edir. Məsələn, üzv ölkələrdən biri Pakistanla yaxın gələcəkdə energetika və nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, Pakistanın Azərbaycandan keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacağı da planlaşdırılan məsələlər içərisindədir”.Ş.Həsənova xüsusi olaraq vurğulayıb ki, Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin reallaşdırılmasını dəstəkləməklə yanaşı, bir çox sahələrdə də əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış edir: “Bu xüsusda, martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı dövlətlər İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzaladılar ki, bu istiqamətdə mövcud məsələ ilə bağlı müvafiq qərar Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi və təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilib. Bütün bunlarla yanaşı, İƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılmasını nəzərdə tutan işlər görülməkdədir ki, məhz bu amillərin özü də dövlətlər arasında ticarət dövriyyəsinin artırılmasına, hər bir tərəfin qazanc əldə etməsinə və nəticə etibarilə də xalqların həyat standartlarının yaxşılaşdırılmasına xidmət edəcək”.

sia.az