Ermənilərin “Tavuş” təlaşı: nə baş verir? ANALİTİK+AKTUAL

Tiqran Abramyan: “Nə müdafiə naziri, nə də hökumət məmurları açıqlamırlar ki, rus hərbçiləri bir neçə gün əvvəl Tavuşa hansı razılaşma əsasında və hansı məqsədlə gediblər”

Ötən həftəsonu işğaldan azad olunmuş Qubadlı rayonunun ərazisinə daxil olan və üçtərəfli Bəyanatdan sonra Azərbaycanın nəzarəti altına keçən Şurnux kəndinin Ermənistan tərəfində heç bir effekt yaratmayan və əslində, boş bir populizmə söykənən hadisə baş verdi. Daha doğrusu, düşmən ölkənin bir qrup siyasi-ictimai adamları 30 metr hündürlüyündə dirək basdıraraq, ölkələrinin bayraqlarını həmin dirəkdən asdılar. Söz yox ki, məğlub ölkə yalnız bu kimi hərəkətləri ilə özünə təskinlik verir və istər iqtidarı, istərsə də müxalifəti olsun – onlar yaxşı bilir və anlayırlar ki, artıq heç nəyi dəyişə bilməyəcəklər, buna nə gücləri, nə də digər potensialları var. Fakt budur ki, Şurnuxda Azərbaycan bayrağı dalğalanmaqdadır və ermənilər öz tərəflərində qalan bütün nöqtələrdə öz bayraqlarını assalar belə, özlərinə verdikləri təskinlikləri sadəcə nəticəsiz qalacaq və bu, birmənalıdır!
Bəyanatda yalnız Zəngəzur bölgəsi deyil, eyni zamanda, Naxçıvanın Kərki, həmçinin Qazax rayonunun yeddi kəndi məsələsi də yer alıb və bu ərazilərin də geriyə - Azərbaycana qaytarılması prosesi baş tutmalıdır
Yeri gəlmişkən, daha bir məsələ budur ki, sözügedən Bəyanatda yalnız Zəngəzur bölgəsi deyil, eyni zamanda Naxçıvanın Kərki, həmçinin Qazax rayonunun yeddi kəndi məsələsi də yer alıb və bu ərazilərin də geriyə - Azərbaycana qaytarılması prosesi baş tutmalıdır. Bu gün ermənilərin 30 il əvvəl Azərbaycanın Qazax rayonundan işğal etdikləri yeddi kəndi ətrafında hay-küy qaldırmaları da, məhz sözügedən məsələ ətrafındadır. Düşmənin “Tavuş” adlandırdıqları həmin ərazilərdə aparılacaq demarkasiyası nəticəsində Bəyanatın müddəalarına əsasən işğal altında qalmış kəndləri mütləq qaydada bizim nəzarətimiz altına keçəcək.Beləliklə, erməni KİV-ləri, həmçinin sosial şəbəkə seqmentləri son günlər və ard-arda orada baş verən “ara-sıra atəşlər”, yaxud insanların evlərini tərk etmələri ətrafında səs-küy qaldırır, diqqəti həmin tərəflərə yönəltməyə cəhdlər göstərirlər. Bu arada, Ermənistanın “Enaket” analitik mərkəzinin rəhbəri, “dqr” adlı separatçı və quldur rejiminin “prezidentinin” “təhlükəsizlik məsələləri üzrə” keçmiş məsləhətçisi Tiqran Abramyan Facebook səhifəsində həmin məsələyə toxunub və sual edib ki, Rusiyanın kontingentini “Tavuşa” yerləşdirməsinin səbəbi hansı təhlükə nəticəsində yaranıb? SİA xəbər verir ki, bu haqda news.am yazır.“Ermənistan müdafiə nazirinin Rusiya ilə sərhəd qrupunun Sünik (Zəngəzur) bölgəsinin Gorus-Qafan hissəsinə yerləşdirilməsi ilə bağlı razılığının olduğunu 2-3 dəfə söyləməsi üçün səbəb var. Əlbəttə buna ehtiyac var. Ancaq nə müdafiə naziri, nə də hökumət məmuru açıqlamırlar ki, rus hərbçiləri bir neçə gün əvvəl Tavuşa hansı razılaşma əsasında və hansı məqsədlə gediblər”, deyə o yazıb.
“Enaket”in rəhbəri: “Hər hansı bir təhlükə var ki, hakimiyyət gizli iş birliyi aparır və hələ də aydın deyil ki, Ermənistan vətəndaşı buna görə hansı qiyməti ödəməli olacaq”
Söz yox ki, əgər həmin ərazilərdəki torpaqlarımız, kəndlərimiz demarkasiya olunacaqsa, bu prosesdə üçtərəfli Bəyanata əsasən Rusiya tərəfinin də rol alacağını istisna etmək olmaz. Həmçinin, unutmamalıyıq ki, bu gün Ermənistan öz sərhədlərinə nəzarət etmək gücündə deyil və artıq uzun illərdir ki, bu ölkənin sərhəd mühafizəsi mexanizmi bilavasitə rusiyalı sərhədçilər tərəfindən tətbiq edilməkdədir. Belə olan halda, ermənilərin, daha dəqiq desək, Tiqran Abramyanın fikirlərini anlamaq çətin deyil – o, işğal altından azad ediləcək Qazax kəndlərinə işarə edərək, rus sərhədçi qrupunun oraya ezam edilmələrinin məqsədlərinin də demarkasiya ilə bağlı olduğuna eyham vurub. Ona görə də əlavə edib ki, rus sərhədçilərinin ərazidəki qalma vaxtlarının uzunmmüddətli, yoxsa qısamüddətli olacağı da tam aydınlaşmayıb. SİTAT: “Sual onda deyil ki, rus kontingentinin orada olması hər hansı problemi yaradır, yaxud hər hansı bir təhlükə var ki, hakimiyyət gizli iş birliyi aparır və hələ də aydın deyil ki, Ermənistan vətəndaşı buna görə hansı qiyməti ödəməli olacaq. Ermənistanla Rusiya arasındakı ikitərəfli, çoxtərəfli razılaşmalar iki ölkəyə hərbi əməkdaşlıq imkanlarını yaradır. Amma rəsmi dairələrdə gedənlərdən ictimaiyyət də məlumatlı olmalıdır. İctimaiyyət Tavuşun müxtəlif yaşayış məntəqələrində nələrin baş verdiyini rus hərbçilərindən soruşmamalıdırlar”.
Ortada heç bir sülh razılaşması da mövcud deyil və müddəalara əməl olunmazsa, Silahlı Qüvvələrimiz razılaşmanı hərbi yolla da icra edə, işğal altında qalan kəndlərimizi geri qaytara bilər
Düzdür, ermənilər, eləcə də Tiqran Abramyan da əslində yaxşı bilir və dərk edirlər ki, onların “Tavuş” adlandırdıqları ərazilərin bir hissəsi, məhz Azərbaycandan işğal olunub, zəbt edilib və indi ədalətin bərpası zamanıdır – torpaqlarımız geriyə qaytarılmalıdır. Məğlub Ermənistan qalib Azərbaycanın Bəyanatda əks edilən şərtlərini yerinə yetirməlidir. Çünki ortada heç bir sülh razılaşması da mövcud deyil, sadəcə atəşkəs rejimidir və müddəalara əməl olunmazsa, Silahlı Qüvvələrimiz razılaşmanı hərbi yolla da icra edə, işğal altında qalan kəndlərimizin geri qaytara bilər.Fakt budur ki, Ermənistanın rəsmi hakimiyyət dairələri onsuz da çərçivədən çıxan ölkədaxili proseslərdən ciddi ehtiyat edir və bu kimi məsələləri maksimum şəkildə ictimaiyyətdən gizli saxlamağa çalışır. Əbəs deyil ki, Tiqran Abramyan sosial şəbəkədə bu məsələyə də toxunaraq yazıb: “Ermənistanın müdafiə nazirliyi, hakimiyyətin müxtəlif rəsmi kanalları təkzibetmə paradları keçirməyi sevirlər, lakin rus hərbçilərinin Tavuşdakı mövcudluqları digər məsələləri agah edir, hətta şəbəkələrdə fotoşəkillər də var ki, rusiyalı hərbçilər haraya dislokasiya olunublar, ancaq hakimiyyət susmağa, gizlətməyə davam edir”.

sia.az