Pərvin Kərimzadə: Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Ermənistan həmişə olduğu kimi, bu gün də region və beynəlxalq təhlükəsizlik və sülh mühitinə ən böyük təhdiddir. Ermənistan beynəlxalq humanitar hüquq qaydalarına yenə də əməl etmir, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşmənlərdən azad etdiyi torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən imtina edir. Beynəlxalq humanitar hüquqa əsasən mülki əhalinin hüquqları kobud şəkildə pozan Ermənistan hərbi cinayətlərini davam etdirir, eyni zamanda beynəlxalq öhdəlikləri yerinə yetirmir. Əslində, Ermənistan dünyanın gözü qarşısında Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini davam etdirir. Çünki minalanmış sahələrin xəritələrini Azərbaycana verməməklə Emənistan dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə məhkum edir. İyunun 4-də Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla, 3 azərbaycanlı mülki şəxsin - Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəsmisi Arif Əliyevin tank əleyhinə minaya düşərək həlak olması, hadisə zamanı daha dörd mülki şəxsin də yaralanması hərbi cinayətlərin davamıdır. 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatdan keçən aylar ərzində Azərbaycan vətəndaşları- hərbi qulluqçular və mülki şəxslər Qarabağdakı mina partlayışlarının qurbanı olub. Bəyanatın imzalandığı gündən bəri Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular nəticəsində 140-dən çox insan həlak olub və ya yaralanıb. İşğaldan azad edilmiş ərazilərimizdə təxminən 35 mindən çox mina zərərsizləşdirilib. Buna baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir. Yalnız minalar təmizləndikdən sonra infrastruktur, məktəblər, xəstəxanalar yaradıla bilər. Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti yönəltməlidirlər,səssiz qalmamalıdırlar. Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməlidir. Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir.

yap.org.az