Siyasət

  • 2 533

"Ermənistan hakimiyyətinin siyasətinə diqqətlə yanaşmalıyıq" POLİTOLOQ AÇIQLADI

image

"Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan çox dəyişkən siyasətçidir. Onun bu gün və bundan öncə verdiyi bəyanatlar göründüyü kimi bir-biri ilə ziddiyyət təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, Paşinyanın dünən Ermənistanın müstəqilliyinin 30 illik tədbirində “Artsax” adından istifadə etməsi, erməni xalqının iki dövlət sözü işlətməsi,əlbəttə ki, iki ölkə arasındakı mümkün normallaşmaya xələl gətirir. Həmçinin, üçtərəfli imzalanmış bəyanatlara da bu ifadələr tamamilə ziddir. Əgər Nikol Paşinyan işlətdiyi ifadələri real praktikada həyata keçirəcəksə, əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları baş tutmayacaq. Məhəmməd Əsədullazadə bu haqda fikrini belə izah edib: "Düşünürəm ki, Nikol Paşinyan bu ifadələrlə daxili auditoriyaya mesaj verir. Çünki Nikol Paşinyan Türkiyə və Azərbaycanla kommunikasiyaları açmaq istəyirsə, regionda sülhün tərəfdarı olduğunu göstərən açıqlamaları verir, daha sonra dünənki kimi qeyri-etik ifadələrə yer verməsi, əvvəl verdiyi müsbət açıqlamaların üzərindən xətt çəkir. Buna görə də, hesab edirəm ki, Paşinyan bununla daxili auditoriyaya mesaj verir. Amma biz yenə də Ermənistanın hakimiyyətinin siyasətinə diqqətlə yanaşmalıyıq. Ümumiyyətlə, artıq “Artsax” sözünün leksikondan çıxarılması lazımdır. Ermənistanla əlaqələrin qurulmasının ancaq Ermənistanın Qarabağdan əl çəkməsindən sonra mümkün olacağı mesajını vermək bu baxımdan çox vacibdir.. Göründüyü kimi, Ermənistan tərəfi öz xəstə ideologiyasını zaman-zaman dilə gətirir və Azərbaycan buna çox sərt təpki verməlidir. Amma düşünürəm ki, Nikol Paşinyan çox yaxşı bilir ki, qondarma Artsaxın adını çəkməklə bundan sonra regionda əməkdaşlıq formatı yaratmaq mümkün deyil. Paşinyan Türkiyə və Azərbaycan ilə kommuniklasiyaların açılmasına çalışacaq. Amma təbii ki, əvvəlcə bu kimi ifadələrdən əl çəkməlidir".

sia.az

Digər xəbərlər