Siyasət

  • 1 251

Rusiya dərgisinə müsahibəsində Prezidentin Ermənistana ismarıcları vardı - POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU

image

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya dərgisinə verdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan “Dəmir Yumruq” əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, cənab Prezidentin Ermənistana başqa ismarıcları da vardı və bu da ondan ibraət idi ki, əsas şərtlərimiz bəllidir, sülh danışıqları başlamalıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar başlamalıdır və Zəngəzur dəhlizi açılmalıdır, hansı ki, bunlar edilməsə yenə də Ermənistanın vəziyyəti ağır olacaq, müharibə riski bölgədə yenə də artacaq.

“Azərbaycan müharibə istəmir. Biz sülh, sabitlik, inkişaf və əməkdaşlığın tərəfdarıyıq. Ancaq bu Azərbaycanın hesabına olmamalıdır, yəni qonşu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Sən müharibədə məğlub olmusan, Qarabağ Azərbaycana aiddir və sən indən sonra deyə bilməzsən ki, gəlin statusumuzu müzakirə edək, Qarabağ öz dırnaqarası müqəddəratını təyin etməlidir. Bunlar mümkün deyil. Bunlar keçmişdə qalıb. Azərbaycan nə status müzakirə edəcək, nə də Qarabağ münaqişəsi adında məvhumu qəbul edəcək. Bunu dəfələrlə dövlət başçısı da beynəlxalq təşkilatlara, həmsədrlərə, Ermənistana və onun arxasında dayanan güclərə bəyan edib.

Doğrudur, son zamanlar Ermənistandan müsbət istiqamətdə siqnallar gəlir. Elə Ermənistanın baş naziri Nikol Paşinyan özü BMT sessiyasında çıxışı zamanı da deyib ki, dialoqa, əməkdaşlığa hazırdır, sərhədlər müəyyənləşsin, sülh və sabitlik olsun. Amma dedikləri ayrı, əməlləri ayrı. Dünən Nyu-Yorkda xarici işlər nazirləri arasında da görüş olub və biz deyilən açıqlamalarla əməl arasında bərabərlik işarısi görmək istəyirik. Yəni, dediklərini etməlidirlər. Bəli, biz də sabitlikdə, sülhdə, əməkdaşlıqda maraqlıyıq. Amma bunlar, təkrar edirəm ki, təkcə Azərbaycan hesabına olmamalıdır və dövlət başçısı da bu dərgiyə verdiyi müsahibədə bunları qeyd edir. Sülh, sabitlik, inkişaf arzulayırlarsa, təkrar edirəm ki, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar və qarşılıqlı olaraq Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Dəhliz açılmalıdır, sərhədlər müəyyənləşməlidir. Bizim qarşımızda bir başqa hədəf də ondan ibarətdir ki, Qarabağda yerdə qalan separatçıları tam tərksilah edək”, deyə politoloq Elxan Şahinoğlu bildirib.

Digər xəbərlər