Siyasət

  • 1 944

Anım Günü ilə əlaqədar Ankarada mərasim keçirilib

image

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Türkiyənin Ankara şəhərində tədbir keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, deputatlar, Türkiyədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Ankarada fəaliyyət göstərən Azərbaycan evində keçirilən mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Mərasimdə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Zəfərimiz barədə iştirakçılara müfəssəl məlumat verilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov böyük Zəfərin qazanılmasında, müharibədən sonrakı proseslərdə, o cümlədən şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıb.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri professor Aygün Attar tarixi Qələbənin qazanılması istiqamətində aparılan ardıcıl siyasi və diplomatik fəaliyyətdən, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasının regionun inkişafı üçün yaratdığı yeni şəraitdən, bu qrupun sabiq rəhbəri, Ankara Universitetinin rektoru Necdet Ünüvar Azərbaycan hərbçilərinin qəhrəmanlığından və cəmiyyətimizdə onlara göstərilən tükənməz sevgidən, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç ölkələrimizin tarixi köklərə söykənən qardaşlığından, ehtiyatda olan türkiyəli general Yücel Karauz Azərbaycanı Silahlı Qüvvələrinin qüdrətini artıran uğurlu ordu quruculuğu prosesindən, Vətən müharibəsi iştirakçısı, tibb xidməti polkovnik-leytenantı Elnur Əliyev döyüş meydanındakı xatirələrindən bəhs ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək qiymətləndirilib. Vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrinin reallaşdığı xatırlanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, qətiyyətli siyasi qərarlar böyük Qələbənin qazanılmasının əsas təminatçısı olub. Əminliklə vurğulanıb ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətə qədər davam edəcək.
Sonra Vətən müharibəsindən bəhs edən film nümayiş olunub.
Daha sonra tədbir iştirakçıları İkinci Qarabağ müharibəsinin döyüş səhnələrini, Azərbaycan xalqının Vətən uğrunda birləşməsini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qazilərlə görüşlərini və digər mühüm məqamları əks etdirən fotosərgi ilə tanışlıq olublar.

yap.org.az

Digər xəbərlər