Siyasət

  • 1 474

Fransa prezidentliyinə namizəddən Azərbaycana qarşı HƏYASIZLIQ TƏHLİL

image

Prezident İlham Əliyev: “Hesab edirəm ki, bu bəyanatları verənlərdə bunu başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək”

Fransanın Qarabağa qanunsuz səfər etməsi ilə gündəmə gəlmiş prezidentliyə namizədi Valeri Pekres Azərbaycanla bağlı şikayət edəcəyinə dair həyasızcasına bir bəyanat yayıb. O, Azərbaycan Prezidentinin “Biz Valeri Pekresin qanunsuz yollarla Qarabağda olmasını bilsəydik, geri qayıdan zaman onu saxlayardıq” sözlərini özünə qarşı “təhdid” adlandırıb və Fransa hökumətinin bu “təhdidə” susqun qalmamalı olduğunu bəyan edib.Valeri Pekres həmçinin, prezidentliyə namizəd olaraq öhdəliyinin həm də “Şərq xristianları məsələsi” olduğunu və bu baxımdan da Ermənistanı müdafiənin vacib olduğunu bildirib.Pekresin bu bəyanatının ardınca təmsil etdiyi Respublikaçılar Partiyasının Fransa Senatında, Fransa Milli Assambleyasında, o cümlədən də Avropa Parlementindəki deputatları və digər şəxslər olmaqla ümumilikdə 242 nəfərin imzasıyla Fransa Prezidenti Makrona müraciət ünvanlanıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınan rəsmi sərhədlərini pozaraq qanunsuz yollarla ərazilərimizə səfər etmiş Pekres və eləcə də Fransa Senatının, Milli Assambleyasının və Avropa Parlamentinin onun kimi separatizmə dəstək ifadə etməklə müraciətə imza atan nümayəndələri Qarabağı “Azərbaycan aid olmayan ərazilər“ adlandırmaqla yanaşı, “erməni xalqına qarşı təcavüz və təxribatlar törədən” Azərbaycanın rəsmi şəkildə üzr istəməsi üçün müvafiq addımların atılması ilə bağlı absurd çağırış ediblər.
Bu, həyasızlığın son həddi deyilmi?
Bu, təəccüb də doğurmur. Çünki Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Və bu dəfə Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər etməsi heç nəyi dəyişməyəcək.Sözügedən məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib. Dövlət başçısı bildirib ki, bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır: "Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək”.
“Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər”
Azərbaycan Prezidenti onu da vurğulayıb ki, o ki qaldı qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir: «Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır».
Aydın Mirzəzadə: “Ermənilər onlara sərf eləməyən zamanda və formada istənilən vaxt dostlarını, mütəffiqlərini aldada, hətta pis vəziyyətdə qoya bilərlər”
Sözügedən mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi və siyasi elitası heç də dost adlandırdığı Fransaya qarşı səmimi deyil. Deputat diqqətə çatdırıb ki, ermənilər onlara sərf eləməyən zamanda və formada istənilən vaxt dostlarını, mütəffiqlərini aldada, hətta pis vəziyyətdə qoya bilərlər: "Bir tərəfdən Ermənistan rəhbərliyinin indiki prezident Makrona dostluq, qardaşlıq hisslərini görürük, digər tərəfdən isə onun rəqibi üçün piar yaratmağa çalışır. Prezidentliyə namizəd Valeri Pekresin İrəvanda yüksək səviyyədə qarşılanması Paşinyan və onun komandasının Makrona olan əsl münasibətini göstərir. Hesab edirəm ki, bu həmişə belə olacaq və Ermənistanı özünə dost bilənlər bilməlidirlər ki, istənilən vaxt Ermənistan onlara qarşı bu cür xəyanətkarlıq edəcək.Görünən budur ki, V.Pekres qarşıdan gələn prezident seçkilərində Fransadakı erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımı atıb".Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. O da danılmaz faktordur ki, Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər. V.Pekres və prezidentliyə digər namizəd Erik Zimmur da eyni yolu gedir. Bu isə Cənubi Qafqazda revanşizmi gücləndirmək və sülhə qarşı təxribat deməkdir. Pekres, Zimmut və Fransa senatında olan digər ermənipərəstlərin bu addımları münaqişəni yenidən alovlandırmaq məqsədi güdür. Onların revanşizmi və separatçılığı dəstəkləməsi isə ciddi təhlükədir.Bu ərköyün və dünyada reytinqi ayaqlar altında olan, Fransa tarixində xalq qarşısında legitimliyi ən aşağı həddə sayılan Makron bugünkü Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu da unutmamalıdır və burnunu bu məsələyə soxmamalıdır.Və 44 günlük Vətən Müharibəsin ilə Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılıb, işğala son qoyuldu. Və beləcə, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi tarixə qovuşduğu halda bu gün Fransa "Dağlıq Qarabağ münaqişəsi"ni yenidən gündəmə gətirmək istəyi Ermənistanın sərsəm ritorikasını dəstəkləməkdən başqa bir şey deyil.
Azərbaycan Prezidenti: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir”
Fransa "Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb" deyirsə, buyursun, zəhmət deyilsə, rəsmi Bakıya anlatsın ki, problem necə həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən məsələ ilə bağlı deyib: "Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur". Bəli, 44 yaşlı Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”.Göründüyü kimi, belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir. Ekspertlərin sözlərinə görə, səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan "bəyannamə” Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. Sirr deyil ki, Fransada erməni diasporunun təsiri altında fəaliyyət göstərən bir qrup var. Bu qrup hər vəchlə Azərbaycan ilə Fransa arasında mövcud olan münasibətlərə xələl yetirməyə, ikili əlaqələri pozmağa çalışır. Bir sözlə, Paris iqtisadi maraqlarını heç vaxt ermənilərə görə qurban verməyəcək. Sadəcə olaraq, erməni lobbisinin əlində oyuncağa çevrilən V. Pekres kimilər ölkələrinin praqmatik maraqlarını görməzdən gəlirlər. Bunun zərbəsini isə, ilk növbədə, özləri dadmalı olacaqlar.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər