PDF Oxu

Siyasət

  • 3 044

Xəzər rayonunda Gənclər Günü qeyd olunub

image

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı, Xəzər Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin və rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Şağan mədəniyyət mərkəzində baş tutan tədbirdə YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər Gənclər Evinin müdiri İnarə Eyyubova, Yeni Azərbaycan Partiyasının gənc fəalı Nəzrin Məmmədova, fəal gənc Əliəkbər Novruzov, paraolimpiyaçı Sevda Vəliyeva iştirakçılar qarşısında çıxış edərək, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan, həmçinin bu sahəyə böyük diqqətin olduğunu vurğulayıblar.
Vətən müharibəsi iştirakçısı İlkin Pənahov 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan gənclərinin böyük vətən sevgisi nümayiş etdirdiyini, döyüş meydanında, arxa cəbhədə, həm də informasiya müharibəsində fəallıq göstərdiklərini bildirib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar acıdığını bildirən E.Salahov Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirərək bu siyasətin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, o cümlədən Tokio-2020 Paraolimpiya Oyunlarının çempionları, qəbul imtahanlarda 650 baldan yuxarı nəticə göstərən Prezident təqaüdçüləri, qazi və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Tədbir “Ey Vətən” adlı musiqi kompozisiyası ilə başa çatıb.

yap.org.az

Digər xəbərlər