Siyasət

  • 2 960

Bir ömrün zirvəsi ŞƏRH

image

Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı, ərazilərinin bütövlüyü uğrunda mübarizədə tarix boyu çoxlu şəhidlər vermiş və bu torpağın hər qarışında şəhid qanı var. 30 ildən artıq Ermənistanın işğalçılığına, təcavüzkarlığına məruz qalmış Azərbaycan bu gün ZƏFƏR çalmış bir xalqdır və bu məğrurluq tariximizdə neçə-neçə igid oğullarımızı şəhidlik zirvəsinə yüksəldib. Bu, elə bir zirvədir ki, onun yüksəkliyində dayanmaq bir ömrün zirvəsi kimi qəbul olunur. Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızdan biri də "Sən sağ olasan, Vətən!" – deyərək şəhidlik zirvəsinə yüksələn Cavid Dədəkişiyevdir. Qısa bir ömür yaşasa da, adını əbədiyyətə həkk etdi. Qisas almaq istəyi onu Vətənin şəhid oğluna çevirdi. Tərcümeyi-halında yazılır ki, Cavid Gülbaba oğlu Dədəkişiyev 5 iyul 1988-ci ildə İmişli rayonunun Qaralar kəndində dünyaya gəlib. Ailənin birinci övladı olan Cavid Dədəkişiyevin özündən başqa iki qardaşı və bir bacısı var. 2006-cı ildə İmişli rayonunda Namiq Abışov adına tam orta məktəbi bitirən Cavid Dədəkişiyev elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2008-ci ildə motoatıcı ixtisası üzrə təhsilini davam etdirən Cavid Dədəkişiyev 2010-cu ilin 26 iyun tarixində leytenant rütbəsi almış, 2011-ci ildə Goranboy rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə vəzifəsinə başlamışdır. Sanki həyat onun ömür yolunda öz sözünü deyirdi. Hər atılan addımında vətəni qorumaq üçün öz təcrübə və ixtisasını artırırdı. Vətənin düşmən tapdağında olduğunu yaxşı bilirdi və bilirdi ki, bir gün erməniyə dərs verməyin zamanı çatacaq. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə igidliklə vuruşdu. Cavid Dədəkişiyev 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprel döyüşələri kimi tariximizə daxil olan bu döyüşlər bizi Zəfərə doğru aparırdı. Qan ilə torpaq suvaran oğullar öz davamçılarının olacağını və bir gün 30 illik həsrətə son qoyulacaq zamanın yaxında olacağını yaxşı bilirdilər.

Cavid Dədəkişiyev doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Cavid Dədəkişiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. Bəli, daha bir Azərbaycanın igid oğlu torpaqlarımızın azadlığı yolunda ən yüksək zirvəyə qovuşmuş oldu. Vətən, xalq, haqq və ədalət yolunda canından keçərək şəhid olan Cavid Dədəkişiyev odun-alovun içində yalnız torpağın müqəddəsliyini düşündü və ölümün gözlərinin içinə dik baxdı. Hər nəsil üçün nümunə olan bir məktəbin üzvünə çevrildi. Bu gün milli qürur yerimiz, milli iftixar yerimiz olan şəhidlərin uyuduqları məzarlar bizim üçün ən ucalıqda olan məzarlıqlardır. Onların hər biri vətən üçün doğulmuş və şəhid olmuş övladlarımızdırlar.Bir el, bir oba şəhid oğlunu - Cavid Dədəkişiyevi ehtiramla torpağa tapşırdı. Bu, əlbəttə ki, döyüş yolu ilə minlərlə Azərbaycan gəncinə örnək olan bir şəhidimizin əbədi dünyasına qovuşması idi. Şəhidlər ölmür. Onların ömrü bu torpaq var olduqca davam edir. Əbədi dünyanın ölməz oğullarını - bu gün fəxrlə yad etdiyimiz və daim qəlbimizdə yaşatdığımız şəhid övladları bu gün bizim işıqlı Azərbaycanda aparılan abadlıq-quruculuq işlərini ruhən duyur və qürurlanırlar. Görmək istədikləri Azərbaycan yeni bir dövrünü yaşayır.
Vətən belə övladları ilə fəxr duyur. Əzizlərinin onlar üçün axıtdıqları göz yaşları qürürla yoğrulmuş göz yaşlarıdır. Min əziyyətlərlə böyütdükləri övladlarını bu torpaq üçün bəsləmişdilər. Başını dik tut şəhid atası, şəhid anası. Gənc övladını torpağa tapşıran ana da sanki bu qisası ermənidən onun oğlu alacaqmış deyə təskinlik tapır. "Vətən sağ olsun". Bu ata, Ana böyüklüyüdür. Şəhidliyin ünvanı əbədiyyət olduğundan onlar daim yaşayır və tariximizin şərəfli səhifələrini yazanlardırlar.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər