Siyasət

  • 1 214

Azərbaycan davamlı inkişaf edən ölkədir

image

Prezident İlham Əliyevin imzaladığı fərmanlarla təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin hər bir bölgəsi uğurlu inkişaf mərhələsi yaşayıb. Regionlarda geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb.

Hər rayonda müasir xəstəxana, tibb ocaqları, məktəblər inşa edilib, istehsal müəssisələri yaradılıb. Əhalinin elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olunub, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub. Ümumiyyətlə, son illər ərzində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr rayonların sosial-iqtisadi inkişafına böyük töhfə olub. Regionların sosial-iqtisadi inkişafı istiqamətində işlər və layihələrin icrası davamlı olaraq həyata keçirilir. Təbii ki, rayonlarda işlərin yaxşı getməsi üçün ictimai nəzarətin olması mütləqdir. Rayonların icra başçıları ictimai nəzarətdən çəkinməməlidir, çünki ictimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi məsələsində effektivliyi təmin edəcək amillərdəndir.
Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən Prezident İlham Əliyev idarəetmədə çox ciddi islahatlar aparıldığını qeyd edərək hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydalarının tətbiq olunmasının labüdlüyünə diqqət çəkdi. Əgər müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Məhz dövlətimizin siyasəti də bundan ibarətdir.
Ölkə başçısı hər üç rayona təyin olunmuş yeni başçıların timsalında bütün rayonların İcra Hakimiyyətlərinin başçıları qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdi. Belə ki, rayonlarda icra ediləcək layihələrə yerli və xarici sahibkarlar cəlb edilməlidir. Ölkəmizdə sahibkarlıq inkişaf edir və bunun üçün dövlət tərəfindən bir çox addımlar atılır. Lakin çox təəssüflər olsun ki, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Belə xoşagəlməz hallar aradan qaldırılmalı və bu məsələlərdə bütün qaydalara riayət edilməlidir. Həm inşaat, həm kənd təsərrüfatı sahəsi, həm də turizm sahəsində yaradılan obyektlərin bu və ya digər bölgənin memarlıq üslubuna, müasir normalara nə dərəcədə cavab verdiyi əvvəlcədən müəyyənləşdirilməlidir. Ümumiyyətlə, görülən və görüləcək bütün işlər elə aparılmalıdır ki, ekologiyaya heç bir ziyan dəyməsin. Hər qarış torpaq qiymətlidir və torpaqdan fermerlər, kəndlilər məhsul yetişdirmək üçün istifadə etməlidirlər. Bir sözlə, ölkənin ekoloji sistemi qorunub saxlanılmalıdır. Ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, heç bir ədalətsizlik olmasın.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Digər xəbərlər