2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin multikulturalizm ənənələri, dini və etnik dözümlülük prinsipləri, beynəlxalq münasibətlərdə tutduğu mövqe, Ermənistanla sülh prosesi və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətlər barədə fikirlərini bölüşmüşdür.
Dövlət başçısı çıxışında vurğulamışdır ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı əsas meyarlar olmuşdur. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı məkan kimi tanınmışdır. Bu ənənələr xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilmiş, ölkəmizdə tolerantlıq mühitinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan bu gün də müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və sülh şəraitində birgəyaşayışın təşviqinə xüsusi önəm verir.
Prezident İlham Əliyev Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və humanitar problemlərə də toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycan əraziləri işğal altında olan, xalqının ən elementar insan hüquqları daim pozulan ölkə kimi əbədi yaşamalı deyildi. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl mübarizə aparmışdır. Azərbaycan xalqı öz torpaqlarında azad və təhlükəsiz yaşamaq hüququnu qorumaq əzmində olduğunu nümayiş etdirmişdir.
Dövlət başçısı beynəlxalq siyasətdə ikili standartlar məsələsinə də xüsusi diqqət yetirmişdir. Bildirmişdir ki, Azərbaycan siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışdır və bundan sonra da mübarizəsini davam etdirəcəkdir. Beynəlxalq münasibətlərdə bütün dövlətlərə eyni yanaşmanın tətbiq olunması, beynəlxalq hüququn prinsiplərinə bərabər şəkildə hörmət edilməsi ədalətli dünya nizamının əsas şərtlərindəndir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüquq normaları siyasi maraqlardan asılı olmayaraq bütün ölkələr üçün eyni dərəcədə tətbiq edilməlidir.
Çıxış zamanı Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və qarşıdakı dövrdə həyata keçirəcəyi mühüm tədbirlər də diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və təxminən 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təşkilata sədrlik edəcəkdir. Bu mühüm hadisə Azərbaycanın müsəlman dünyasında artan nüfuzunun, beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və müxtəlif ölkələrlə qurduğu etibarlı münasibətlərin göstəricisidir. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoqun və həmrəyliyin gücləndirilməsinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.
Prezident Ermənistanla sülh prosesinə toxunaraq bildirmişdir ki, Ermənistanla sülh keçən ilin avqust ayında paraflanmışdır və sənədin paraflandığı yer də xüsusi rəmzi məna daşıyır. Bu, regionda uzun illər davam edən münaqişədən sonra yeni siyasi reallıqların formalaşması və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Sülhün əldə olunması yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütövlükdə Cənubi Qafqazda yeni inkişaf imkanlarının yaranması deməkdir.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm dəyərlərinə sadiqliyini, beynəlxalq münasibətlərdə ədalətli mövqeyini, suverenliyinin qorunması istiqamətində qətiyyətini və regionda davamlı sülhün təmin olunmasına verdiyi önəmi bir daha nümayiş etdirmişdir. Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına verdiyi töhfələr ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır. Bu siyasətin əsasını qarşılıqlı hörmət, bərabərlik, anlaşma və əməkdaşlıq prinsipləri təşkil edir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi