Siyasət

  • 3 447

Avrasiyanın enerji siyasətinə mühüm töhfə

image

Məlum olduğu kimi, son illərdə əldə etdiyi inkişaf və tərəqqi sayəsində Azərbaycan regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul olunur. Belə ki, son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü siyasətlə Azərbaycan iqtisadi və siyasi müstəqilliyə sahib olan qüdrətli dövlət kimi beynəlxalq nüfuzunu daha da artırıb. Dövlət başçısı İlham Əliyevin bu qətiyyətli siyasətin əsasında Azərbaycanın dövlət maraqlarını üstün tutmaq və milli mənafelərimizin müdafiəsini həyata keçirmək dayanır.Yeri gəlmişkən, onu da qeyd edk ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazdakı nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin payızında baş verən Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazın qalib dövləti statusunu da əldə etdi. Belə ki, 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan etibarı gücləndirdi.Digər tərəfdən, Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Belə ki, son illər Azərbaycan artıq dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə də bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizliyə, qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirir və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.Bu yaxınlarda Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində keçirilən görüşlər və paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycan, xüsusən də dövlət başçımızın yürütdüyü müstəqil siyasətlə bağlı söylənən fikirlərləri bir daha təsdiqləyir.Məsələn, Bolqarıstanın müvəqqəti hökumətinin rəhbəri Qılıb Donevin Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə diqqət edək. Donev deyir ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, “Repower Europe” planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.Serbiya Prezidenti Aleksandar Vuçiç isə dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasəti dəyərləndirir: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski isə qitənin enerji təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirməklə yanaşı, Prezident İlham Əliyevi Avropada ən çox arzuolunan şəxs adlandırıb.Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayan Bolqarıstan Prezidenti Rumen Radev isə dövlət başçısı İlham Əliyevi sözünə, vədinə sadiq olan lider, Azərbaycanın isə öz Prezidentinin simasında etibarlı tərəfdaş statusunu qazandığını bildirib.Beləliklə, Avropanın əksər ölkələri Prezident İlham Əliyevin fəaliyyətini çox yüksək dəyərləndirir və Onun dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu da bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyev qlobal təşəbbüsləri ilə Avrasiyanın enerji siyasətinə mühüm töhfələr verir. Azərbaycan Prezidentinin təşəbbüsləri ölkəmizin geosiyasi çəkisini artırır, beynəlxalq əlaqələrini daha da gücləndirir.

Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Digər xəbərlər