Sosial

  • 3 541

Tərzi-dəb FELYETON

image

Vallah, müasir gənclərin bizi bəzən qınaması heç də yersiz deyil. Son zamanlar onların üstünə çox gedirik, bəzi məsələlərdə çox deyinirik, onları tənbeh edirik. Onlar da bizə “siz geridə qalmışınız, bu, belə deyil, bizim bildiyimiz, etdiyimiz kimidir”,-deyirlər.

Məsələn, bəzi gənclərimiz var ki, ictimai yerlərdə ucadan danışırlar, deyib-gülürlər. Biz də onları görəndə cin atına minirik. İstər-istəməz onlar barədə danışanda, qınayanda, cavabımızı belə alırıq ki, ay yazıqlar, müasir dövrdür, indi alçaqdan yox, ucadan danışmaq lazımdır ki, hər kəs eşitsin, gülsün, kefi açılsın. Bir də ki, ucadan danışmaq, gülmək həm dəbdir, həm də bizim tərzimizdir.

Biz də anlayırıq ki, hə, bu, bəzi gənclərin tərzi-dəbidir, nə etməli?

Tez-tez yolda, metroda, avtobusda, mağazada ağzında saqqız şövqlə çeynəyən gənclər görürsən. Yadına düşür ki, bizim valideynlərimiz deyərdi ki, ictimai yerdə saqqız çeynəmək mədəniyyətsizlikdir, insanlara qarşı hörmətsizlikdir. İstəyirsən ki, bu tövsiyəni bəzi gənclərə edəsən. Qayıdıb nə desələr yaxşıdır? Saqqız çeynəmək müasirlikdir. İndi artıq sizin dövrünüz deyil. Saqqız təravətli nəfəsdir... Həm də dəbdir, məxsusilikdir.

Bu cavabı eşidəndə nə edirsən? Matın-qutun quruyur, Deyirsən ki, müasir dövrün tərzi-dəbidir, nə etməli?

Hazırkı cəmiyyətin müasirliklərindən biri də bəzi gənclərimizin geyimləridir ki, qızların yay-qış göbəkləri bayırdadır. Deyirsən, ay bala, bu nə geyimdir, axı sənə soyuq dəyər, xəstə olarsan, sabah bir qapını açıb gəlin gedəcəksən, ana olacaqsan. Nə üçün qorxmursan ki, səni bu geyimlə bəyənən olmaz? Nə desələr yaxşıdır? Cəhənnəmə bəyənsin, gora bəyənsinlər. İndi belə geyim bütün dünyada dəbdir. Bu, mənim tərzimdir, kim məni bəyənərsə, bu geyimlə qəbul etməlidir.

Aldım cavabını, gözüm kəllənəmi çıxdı? Axı onun-bunun işinə az qarış da... Bu, bəzi gənclərin tərzi-dəbidir, sən isə geridə qalmış birisi.

Bir də baxırsan ki, qarşıdan bir dəstə gənc oğlan gəlir. Birinin şalvarının dizi yoxdur, birinin saqqalı nə uzunluqda, birinin saçı qalxıb göyün yeddinci qatına, o birinin saçı bir neçə rəngdədir, o birinin corabının bir tayı bir rəng, o biri tayı başqa rəngdir. Baxırsan-baxırsan, vallah, bilmirsən güləsən, ağlayasan, nə edəsən. Yeri gələndə söhbət açıb deyirsən ki, ay bala, kişinin kişi geyimi olar. O dizi yox şalvarı kişi əyninə geyinər məgər? O qadın saçı ilə kişi bayıra çıxar? Niyə o saçlarını qaydasında kəsdirmirsən? O corabı geyinəndə görmürsən ki, taykeşdir? Və yaxud da o saçını niyə çəhrayı rəngə boyamısan? Hə, bunları deyib öyüd-nəsihət verəndə adamın üzünə elə qabarırlar ki, yerindəcə donub qalırsan. Cavabları isə bu olur ki, ay yazıq, sən keçmişdən gəlmisən. Biz isə bu gündə yaşayırıq. Buğunun dəbi budur. Həm də ki, kim istəyir cırıq şalvar geyinməsin, corabını taykeş yox, cüt geyinsin, saçını göyə qaldırmasın, yerə endirsin, saçını rəngləməsin, öz rəngində saxlasın, onlardan bizə nə? Bu, bizim tərzimizdir.

Sən də udquna-udquna qalırsan, söz tapıb deyə bilmirsən. Bir də ki, axı nə deyəsən? Səni elə yerində oturdurlar ki, cınqırın da çıxmır. Bir onu ürəyində özünə pıçıldayırsan ki, bu, bəzi gənclərin tərzi-dəbidir də, nə etməli?..

Hə, elə qızlarımız var ki, əyinlərindəki bir qarışdan da qısa ətəklərini görəndə, deyirsən ki, İlahi, yəqin bunlar evdən çıxanda analarının başı mətbəxdə iş-gücə qarışıbmış, yoxsa... Fikirləşirsən ki, mən də olum bunun anası, nə olar, gəncdir, başa salım, düz yol göstərim. Deyirsən ki, qızım, bu ətəyin bir azacıq uzun olsa, sənə çox gözəl yaraşar. Qayıdıb sənə nə desə, yaxşıdır? “Sən get öz qızına yol göstər. Mən evdən çıxanda görənim var. Bir də axı sən nə bilirsən, müasirlik nədir, dəb nədir? Sizlər XX əsrdə qalmısınız, indi XXI əsrdir”.

Deyirsən ki, dilim, dilim-dilim olasan, farağat dayan da. Düz deyir də, anası var, evdən çıxanda görməyib məgər? Görməyib də özü bilər, görsün də... Bir də ki, bu, bu qızların tərzi-dəbidir, sənə nə? Nə etməli ki?..

Heç nə, nə edəcəksən ki? Kor ol, görmə, kar ol, eşitmə, lal ol, danışma. Danışarsan, cavabını alarsan...

Mətanət Məmmədova

Digər xəbərlər