Sosial

  • 2 421

“Wolt”lar daşıyır, biz yeyirik… FELYETON

image

Ay qardaş, ay bacı, sonra deyirik ki, biz niyə gündən-günə kökəlirik axı? Ta arıqlamaq üçün axtarmadığımız çarə qalmır. Amma yeməkdən də qalmırıq axı. Kökəlməyin səbəbini hər şeydə axtarırıq, bircə yeməkdən başqa. İndi gəl, camaatı başa sal ki, hər saniyədə bir qarşına çıxan “Wolt”lar ki var ha, onlar nə qədər ki, daşıyır, arıqlamaqdan söhbət belə gedə bilməz.

Əşi, daşısın ey, bizə nə var. Alan alsın, hər gün, hər dəqiqə yesin, bizə nə dəxli var. Kökəlsin, xəstələnsin, yüz kiloya çatsın, vallah, nə işimizə qalıb. Bir halda ki, elə hey qəzetimizdə “ay camaat, qidalanmada diqqətli olun, sağlam qidalanın” deyirik, eşitmirlər, “hər şey yeməyin, sağlığınıza diqqət edin” deyirik, dinləmirlər, qoy getsinlər, nə bilirlər, onu da etsinlər. Bizim qarnımıza yemirlər ki… Pulunu bizə ödətmirlər ki… Yediklərini biz sinirib kökəlmirik ki… Sağlamlığı sual altında olan yeməkləri biz yeyib sağlamlığımızdan vaz keçmirik ki.. Qoy ha yesinlər, yeyə biləcəkləri qədər…

Mənim dərdim ayrı dərdir ey. Bu “Wolt”lar var ha, ay qardaş, ay bacı, bunlar imkan vermir axı o liftlərdən biz də heç olmasa, gündə bircə dəfə istifadə edək. Durursan liftin qarşısında, boynunu da bükürsən. O da ola bizim binanın lifti. Biri xəstədir, halı tez-tez dəyişir. Xəstəxanalıq olur. Qalır o biri. O da ki, 24 mərtəbənin arasında olub girinc. Ancaq “Wolt” qaldırır, endirir.

O gün işdən yorğun-arğın getmişəm, liftin qapısı ağzında dayanıb həsrətlə gözləyirəm ki, indi enər, birazdan enər. Enməyinə endi. “Wolt” liftdən özünü necə bayıra saldısa, çantası ilə məni yıxıb biryolluq etmişdi az qala. Dedim lənət şeytana, ağzını açasan, necə açasan, adamın yazığı da gəlir uşaq-muşağa, deyirsən, cəhənnəm, qoy qazancını etsin. Ağzını açmırsan da imkan vermirlər axı.

Yolda “Wolt”, liftdə “Wolt”, qapının ağzında “Wolt”. Yaxşı, yola verin, deyirsiniz, verək. Axı evdə də rahat oturmağa imkan vermir bu “Wolt”lar. İki dəqiqədən bir qapının zəngi çalınır. Baxırsan ki, qapının ağzında bir cılız uşaq, çiynində də özündən iki dəfə böyük “Wolt”. Açırsan o kameranı, “ay bala, kim lazımdır” soruşursan. Cavab verir ki, filan nömrəli ev buradır? Deyirsən, ay bala yox, biz “Wolt”, filan sifariş verməmişik. Çıxıb gedir. Bir az keçir, bir də zəng çalınır, bir az keçir bir də. Vallah, işimizi-gücümüzü ötürüb yalnız bu “Wolt”lara “yox, xeyr” deməklə məşğuluq…

Belədə iş olar? Ay canım, ay gözüm, adam nə qədər “Wolt” sifariş edər, adam nə qədər “Wolt” yeyər. Adam nə qədər uşağının, özünün kökəlib ölçüdən çıxmasından şikayət edər. Adama nə qədər deyəsən ki, ay bala, sizin dərdiniz bu “Wolt”lardır. Adam da nə qədər “Wolt”un tərəfində olub, “yox, onluq heç nə yoxdur” deyər?

Vallah, and olsun Allaha, qalmışıq zülmə. “Wolt”a çəkil o yana deyə bilmirsən, ürəyin imkan vermir, “Wolt” da əvəzində çıxır təpənə. Kökələnə də məsləhət verirsən, başlayır “Wolt”un tərəfini saxlamağa, hələ bir məsləhətin üçün səndən inciməyə.

Yaxşı, nə edək? Nə edəcəyik ki? Belə canımız gözümüzdən çıxsın, belə bina tikən liftdən o yana pilləkən qoyub, gedib oradan çıxaq evimizə. Onsuz da 3-cü, 4-cü mərtəbəyə çıxanlar da, 24-ə qalxanlar da, “Wolt”lar, fəhlələr, ustalar, mebel gətirənlər, əşya daşıyanlar, məişət tullantılarını götürənlər, hamısı liftin qarşısında bərqərardılar. Onlar da əziyyət çəkib pilləkənlə çıxsınlar da. Bir halda ki, lift ancaq “Wolt”lara işləyir.

Ya da “Wolt”ları sifariş edənlər əziyyət çəkib pilləkənlə qalxsınlar, liftdəki yerlərini “Wolt”lara versinlər. Onda da axı ürəkləri narahat olar. Kilolarla bədənlərini necə o yüksək mərtəbələrə qaldırsınlar ki? “Wolt”lar onları elə günə qoymayıb ki, ikicə mərtəbə qalxa bilələr.

Odur ki, deyəsən bu məsələnin çözümü olmayacaq. Hardan olacaq axı. Bir halda ki, “Wolt”lar daşımaqda, bizlər də dayanmadan-durmadan yeməkdəyik, heç inanmıram ki, yaxın gələcəkdə bu məsələnin çözümü olsun. Yenə Allah-təala bina sahibinin ürəyinə bir mərhəmət salsın, bəlkə o biri liftə bir əl gəzdirə ki, biri ilə “Wolt”lar qalxanda, o biri ilə də biz biçarə bina sakinləri növbə ilə qalxaq…

Mətanət Məmmədova

Digər xəbərlər