Dünyada yaşanan bütün texnoloji və sosial inkişaflara baxmayaraq, biz hələ də uşaqların fiziki, əqli və mənəvi cəhətdən istismar edildiyinin şahidi oluruq. Xüsusən də, münaqişələrin intensiv olduğu bölgələrdə ən çox zərər çəkənlər uşaqlardır. Həyatlarının lap erkən illərində müharibənin nə demək olduğunu görən və ən çox zorakılığa, istismara, təcavüzə məruz qalan uşaqlar gələcəkdə yaşadıqları travmaların təsirini bütün həyatları boyunca öz çiyinlərində daşıyırlar.
1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası uşaqların hüquqları ilə yanaşı minimum həyat şərtlərini də müəyyən edir. Bu konvensiya, ayrı-seçkiliyə yol verilməməsi, uşağın hüquqlarını ümumiləşdirən dörd əsas prinsip əsasında hazırlanıb. Bu kontekstdə münaqişə bölgələrində yaşayan uşaqların vəziyyəti bu razılaşma ilə tamamilə ziddiyyət təşkil edir. Konvensiyada aydın şəkildə göstərilir ki, hər bir uşaq özünəməxsus ləyaqətə, bərabər və ayrılmaz hüquqlara malikdir və bu vəziyyət qorunur.
Bu qərarın qəbul edilməsindən 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1982-ci ildən bəri çox şeyin dəyişmədiyini görmək kədərlidir. Dünyanın bir çox yerlərində hələ də müharibələr davam edir və bu müharibələrdən ən çox uşaqlar əziyyət çəkir. Hər gün televiziyalarda, qəzetlərdə gördüyümüz, oxuduğumuz xəbərlərdə bu proseslərin qurbanı olan minlərlə uşaq görürük.
BMT-nin Uşaq Fondunun (UNICEF) açıqladığı məlumatlara görə, 2019-cu ildə münaqişə və zorakılıq nəticəsində məcburi köçkün olan uşaqların sayı 19 milyon nəfərə çatıb ki, bu da indiyədək ən yüksək səviyyədir. UNICEF-in “Öz ölkəsində itkin düşənlər” hesabatına əsasən, məcburi köçkün uşaqların ən primitiv haqlarına belə çıxışı yoxdur. Əksinə, onların böyük qisminin zorakılıq, istismar və insan alverinin qurbanı olmaq riski var. COVID-19 epidemiyası, habelə müharibələr səbəbi ilə evlərindən didərgin düşmüş uşaqların vəziyyətinin daha da pisləşdiyi bildirilən hesabatda uşaqların qeyri-sağlam şəraitdə yaşadığı bildirilir.
Bundan əlavə, Save the Children Fondunun “Uşaqlara qarşı müharibəni dayandırın 2020” hesabatına əsasən, 2018-ci ildə 415 milyon uşaq münaqişə zonalarında yaşayır ki, bunun da 149 milyonu gərgin münaqişə zonalarındadır. Bu rəqəmə nəzər saldıqda, demək olar ki, hər altı uşaqdan birinin münaqişə zonasında yaşadığını görə bilərik. Bu vəziyyət həm də uşaqların müharibələrdə əsgər kimi istifadə edilməsinə şərait yaradır və uşaqların müharibənin hər sahəsində istismar edilməsi deməkdir.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına görə, hazırda dünyada 5-17 yaş arasında ən azı 218 milyon uşaq işçi var və onlardan ən azı 73 milyonu təhlükəli işlərdə çalışır. Son 10 ildə dünyada 2 milyondan çox uşaq münaqişələr nəticəsində həlak olub, 1 milyondan çoxu yetim qalıb, 6 milyondan çox uşaq ağır yaralanıb və qalan ömrünü əlilliklə davam etdirməli olub.
Pedofillərin də ilk hədəfi çox vaxt yetim və kimsəsiz uşaqlar olur. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ildə apardığı araşdırmaya görə, dünyada uşaqların 23%-i fiziki, 18%-i qızlar, 8%-i oğlanlar, cəmi 26%-i cinsi, 36%-i isə emosional zorakılığa məruz qalır. 2019-cu ildə hazırlanan və 40 ölkəni əhatə edən araşdırmada uşaqlar üçün ən təhlükəsiz ölkələr 100 balla indeksləşdirilib. İlk 10-luqda ümumilikdə iqtisadi gəlirləri yüksək olan ölkələr bunlardır: İngiltərə (82,7), İsveç (81,5), Kanada (75,3), Avstraliya (74,9), ABŞ (73,7), Almaniya (73,1), Cənubi Koreya (71,6), İtaliya (69,7), Fransa (65,2) və Yaponiya (63,8).
Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ildə paylaşdığı hesabata görə, həmin il 2-17 yaş arası təxminən 1 milyard uşaq, fiziki, cinsi və ya emosional zorakılığa məruz qalıb. "World Vision" təşkilatının məlumatına görə, dünyada hər il 1 milyard 700 milyon uşaq zorakılığa məruz qalır. Dünyada hər 10 uşaqdan 6-sı valideynləri tərəfindən fiziki cəzalandırılır. Uşaqların 10 faizi fiziki cəzadan qanunla qorunmur. Aşkar edilmiş insan alveri hallarında 28 faiz qurban uşaqlar olur. Dünyada 50 milyona yaxın uşaq məcburi köçkün vəziyyətindədir. Hər il 15 yaşa qədər 41 min uşaq məişət qətli nəticəsində dünyasını dəyişir. UNICEF və Dünya Bankının ötən ilki hesabatına görə, dünyada təxminən 333 milyon uşaq və ya hər 6 uşaqdan 1-i həddindən artıq yoxsulluq şəraitində yaşayır.
Təəssüf ki, texnologiyanın ən inkişaf etdiyi dövrümüzdə hələ də müharibələrin getdiyi, uşaqların hər mənada istismar edildiyi bir dünyanın inkişaf etdiyini söyləmək mümkün deyil. Ancaq 20 noyabr kimi beynəlxalq günlərdə, uşaqların qorunması, müdafiəsi məqsədi ilə təsis edilmiş tarixlərdə yada düşən problemlər elə yazdığımız yazılarda, müzakirə edilən dəyirmi masalarda, təşkil edilən seminar və təlimlərdə qalır. Müharibə, aclıq, səfalət olan ölkələrdə yaşanan ağrıların və davam edən problemlərin illərdir heç dəyişmədiyini görmək kədərlidir.
Lalə Mehralı