Sosial

  • 1 244

Qarpızı necə seçməli ki, zəhərlənməməli? -TƏHLÜKƏ

image

Yayın ən məşhur meyvələrindən biri də şübhəsiz ki, qarpızdır. Hər meyvəni öz mövsümündə istehlak edənlər bilir ki, avqust ayından öncə qarpız yeyilməsi təhlükəlidir. Lakin havaların ildən-ilə daha çox isinməsinin, qlobal istiləşmə probleminin artmasının qarpızın erkən yetişməsinə də təsir etdiyi iddia edilir. Hələ iyun ayının birinci yarısından kütləvi istehlak edilən qarpız bu il zəhərlənmə hallarına demək olar ki, yol açmadı.

Qan-qırmızı, şirin dadlı qarpızları seçmək üçün tərəvəz dükanlarında çox vaxt keçirənlər kifayət qədərdir. Çünki yaxşı qarpızı seçməklə iş bitmir, bunun bir də təhlükəli tərəfi var, çünki qarpız nitrat zəhərlənməsinə səbəb ola bilər və sağlamlığınızı riskə atar. İndi süni intellektin köməyi ilə də qarpız seçənlər var. Proqram qarpızların hansının daha qırmızı və yetkin olması barədə seçim etməyə kömək edir.

Qarpız yetişdirilərkən istifadə edilən azot gübrələrindən normadan çox istifadə edildiyi üçün qarpızda nitratın miqdarı artıq ola bilər. Həddindən artıq nitrat qəbulu insan orqanizmi üçün zəhərlidir və tərkibində bol miqdarda nitrat olan qarpız yeməklə qida zəhərlənməsi baş verə bilər. Qarpız yedikdən ən az 2 saat sonra özünüzdə ürəkbulanma, qusma, güclü ishal, başgicəllənmə, baş ağrısı, mədə sancısı, temperatur kimi simptomlar görürsünüzsə, nitrat zəhərlənməsi yaşayırsınız və dərhal həkimə müraciət etməyiniz tövsiyə olunur.

Qarpızın zəhərli olduğunu necə bilmək olar?

Qarpızın qida zəhərlənməsinə səbəb olma riskini sadalayacağımız əlamətlərə diqqət yetirməklə müəyyən edə bilərsiniz. Qarpızda nitratın çox yüksək olduğunu qabığın iç tərəfinin sarı olduğundan bilmək olar. Qarpızı kəsərkən qabığın daxili kənarlarının sarı olduğunu görsəniz, o qarpızı yeməməlisiniz, zəhərlənə bilərsiniz. Qabığın çöl tərəfi yaşıl, içəri tərəfi ağ rəngdən ibarət olmalıdır.

Nitrat əslində bitkilərin sürətli böyüməsinə kömək edən bir komponentdir. İstehsalçılar qarpızların çox qısa müddətdə yetişməsi və böyüməsi üçün həddindən artıq nitrat ilə yetişdirirlər. Bu qarpızları yeyən şəxsin nitratdan zəhərlənməsi tamamilə gözləniləndir.

Qarpızda deşiklər varsa almayın. Satıcı sizə bu dəliklərin həşəratlar tərəfindən yarana biləcəyini, yaxud da daşınma prosesi zamanı olduğunu deyəcək, lakin bu dəliklər iynə izləri ola bilər. Suvarma zamanı nitrat verilməsi azmış kimi meyvəsinə də iynə ilə tez yetişməsinə səbəb olacaq komponentlər vurulur. Qabığında deşik olan qarpızın içi ləzzətli olsa da, yeməməyiniz məsləhətdir.

Bəzən qarpızı kəsdiyiniz zaman tam ortasında özək yerinə böyük boşluq, çuxur görürük. O boşluq əslində qarpızın hormonlarla zəngin olduğunun göstəricisidir. Bu növ qarpız yemək sizi xəstə edə bilər. Aldığınız qarpızdan şübhələnirsinizsə, çox sadə bir testlə həddindən artıq nitratla zəngin olub- olmadığını öyrənə bilərsiniz. Bir stəkan suyun içinə kiçik bir parça qarpız qoyun və rənginin çıxmasını gözləyin. Əgər suyun rəngi açıq çəhrayı rəngə çevrilirsə, bu o deməkdir ki, o qarpızda çoxlu nitrat var, onu heç vaxt yeməyin.

Dadlı düşmən

Qarpızın içindəki böyük çatlar böyük təhlükənin əlaməti ola bilər. Bu çatlar “forxlorfenuron” adlı süni böyüməyə təşviq edən kimyəvi maddənin nəticəsidir. “Forxlorfenuron” böyüməni sürətləndirdiyi üçün bu çatlar sürətlənmiş böyümədən sonra müşahidə edilir. “Forxlorfenuron”un istifadə etdiyi meyvələr təbii meyvələr kimi təzə və yetişmiş, bəzən hətta təbii meyvələrdən daha gözəl görünə bilər. Bu görüntü həmin məhsulları gözəgəlimli etsə də dadındakı fərq hiss olunur.

“Forxlorfenuron”, ABŞ kimi bəzi ölkələrdə rəsmi orqanlar tərəfindən təsdiqlənmiş bir neçə hormonal maddələrindən biridir. Bəzi araşdırmalara görə bu kimyəvi maddə xərçəngə səbəb ola bilər. Lakin ABŞ Qida Administrasiyası bunun əksini iddia edir və araşdırmalarda insanlar və heyvanlar üzərində heç bir yan təsirin müşahidə edilmədiyini iddia edir. İndi hər şeyin bazar iqtisadiyyatına görə tənzimləndiyini, bütün planların daha çox maddi gəlir əldə edilməsi uğrunda qurulduğunu nəzərə alsaq o zaman bu iddianın da gerçək ola biləcəyini düşünmək olar. Üstəlik, xərçəng statistikasının hər il yüksəldiyini nəzərə alaraq...

“Forxlorfenuron” hormonu meyvəni o qədər tez yetişdirir ki, qarpızın adət etdiyimiz o qan-qırmızı rəngi tam formalaşa bilmir. Qarpız dişləndikdə yavan dad verir, suyu-şirəsi normal qarpızdan qat-qat az olur. Hormonun təsiri ilə vaxtından əvvəl yetişən qarpızın tumları adət etdiyimiz qara rəngdən çox fərqlənir. Hormonal qarpızlarda qara və qalın toxumlar yerinə ağ və nazik toxumlar olur.

Yemək olar, amma diqqəti əldən verməmək şərti ilə...

Bəzən daha qənaətcil olması üçün daha yüngül qarpız seçməyə çalışırıq. Lakin qarpızın ağır çəkisi onun tam yetişmiş və sağlam olduğunu göstəricisidir. Yəni kiçik ölçülü qarpız da alsanız, mütləq ağır olanını seçin.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, xüsusi cihazla qarpız-yemiş, digər kənd təsərrüfatı məhsullarının tərkibindəki nitritlərin miqdarını yoxlamaq mümkündür: “Deyə bilərəm ki, məhsulların tərkibindəki nitritlərin miqdarı getdikcə azalmağa başlayıb. Bu gübrənin qiymətinin getdikcə bahalaşmasından qaynaqlana bilər. Amma fermerlər qarpız məhsulunun böyük olması üçün çoxlu miqdarda gübrədən istifadə edir. Qarpız, yemiş elə növ məhsuldur ki, öz mövsümündə də nitratla zəngin ola bilir. Normalda, icazə verilən sanitar normada deyilir ki, 1 kq qarpızda 60 mq-dan artıq nitrat olmamalıdır. Amma apardığımız müşahidələrdən və araşdırmalardan sonra görürük ki, 1 kq qarpızda hətta 200-300 mq nitrat olur”.

Lalə Mehralı

Digər xəbərlər