Sosial

  • 1 168

"Təhsil müəssisələri ilə əmək bazarı arasında rabitə düzgün qurulmayıb" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Bu gün işsizlik problemi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində diqqət mərkəzindədir. Çünki süni intellekt, İKT-nin imkanlarının genişlənməsi, elmi texniki tərəqqi, informasiya kommunikasiya texnologiyalarının inkişafı əl əməyinə ehtiyacı azaldır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.O bildirib ki, digər tərəfdən də baxıb görürük ki, əmək bazarında tələb-təklif məsələsində problemlər var: "Əmək bazarı xüsusi sahələr, ixtisaslar var ki, o sahələrə ehtiyac duyduğu halda təhsil müəssisələri bəzən əmək bazarının ehtiyaclarını vaxtında duya bilmir və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı ilə məşğul ola bilmir. Ona görə çox yaxşı olar ki, təhsil müəssisələri əmək bazarını öyrənsin, əmək bazarının təkcə bu günkü vəziyyətini yox, həm də yaxın və orta, uzaq perspektivi proqnozlaşdırmağı bacarmalıdır. Müəyyənləşdirməlidir ki, yaxın, orta, uzaq perspektivdə Azərbaycanda əmək bazarında hansı sahələrin mütəxəssislərinə ehtiyac olacaq. Buna uyğun kadr hazırlığı ilə məşğul olunmalıdır. Eyni zamanda bu təkcə ali təhsil müəssisələrinə aid deyil, həm də peşə məktəbləri, kolleclərə aiddir. Bu istiqamətdə çox yaxşı olar ki, bir hesablayıcı, proqnozlaşdırıcı mərkəz olsun. Məhz əmək bazarı ilə təhsil müəssisələri arasında tələb-təklif məsələsini koordinasiya edə bilsin.Bəzən elə sahələr var ki, orada həddindən artıq mütəxəssis bolluğu var, amma elə sahələr var ki, mütəxəssis azlığı yaşanır. Bu o deməkdir ki, təhsil müəssisələri ilə əmək bazarı arasında rabitə düzgün qurulmayıb. Strateji planlaşma düzgün həyata keçirilmir. Ona görə məqsədəuyğundur ki, bu məsələlər aradan qalxsın. Digər mühüm məqam ondan ibarətdir ki, bilirsiniz ki, regionlardan paytaxta davamlı axın var, kəndlər, regionlar boşalır, paytaxt yüklənir. Bu da paytaxtda, şübhəsiz ki, həm işsizlik yaradır, həm də ucuz işçi qüvvəsi effekti yaradır. Ölkə başçısının da bununla bağlı təsdiqlədiyi dövlət proqramları, hər 5 ildən bir regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı var. Çox yaxşı olar ki, bu proqramın icrasına nəzarət mexanizmi gücləndirilsin, monitorinq həyata keçirilsin. Hər rayonda bu proqram üzrə iş sahələri, məşğulluq sahələri açılıb. Güman edirəm ki, əgər regionlarda sosial-iqtisadi inkişaf proqramından irəli gələn tələblər ödənilərsə, yerlərdə şərait yaradılarsa, gənclər üçün mənəvi mühit yaradılarsa, onlara mənzil-məişət məsələləri, pay torpaqları ayrılarsa, güzəştli ipoteka şərtləri ilə mənzil əldə etmək, ev tikmək imkanları olarsa, paytaxta axın etməzlər və paytaxt həm işsizlik problemi ilə, həm də tıxac, digər demoqrafik problemlərlə qarşılaşmaz. Demək ki, regionlardan paytaxta axının qarşısını almaq yollarını düşünmək lazımdır. Bu istiqamətdə bir qədər gecikmişik. Ancaq bu, qaçılmaz bir məsələdir. Çünki bu, daha nəhəng sosial problemlər yarada bilər".Onun sözlərinə görə, elə insanlar var ki, baxmayaraq ki, pensiya yaşına çatıb, ancaq onlar yenə də işləməkdə davam edir: "Bu da gənclərin əmək bazarında özünə yer tutmasına çətinliklər yaradır. Çox yaxşı olar ki, pensiya məbləği zəruri tələbləri, insanların etirazlarını ödəyəcək səviyyədə təmin edilsin ki, pensiya yaşına çatan şəxs rahatlıqla pensiyaya çıxsın və tərk etdiyi iş yerini gənclər tuta bilsin. Baxırıq ki, işçilər arasında gənclərin saldosu çox yüksəkdir. Bu da bizi düşünməyə vadar edir. Gənclər əgər işsiz olursa, onların mənzil-məişət problemi varsa, deməli, ailə qura bilmir, bu da ölkədə təbii artmaya mənfi təsir göstərir. Azərbaycanın 2023-cü ilin statistikası göstərir ki, təbii artım əvvəlki illərə nisbətən 15% aşağı düşüb. Bu bizim üçün bir qədər ciddi məsələdir.Azərbaycan əmək bazarına hər il 100 min işçi daxil olur. Bu, kifayət qədər ciddi rəqəmdir. Biz çalışmalıyıq ki, yeni iş yerləri açaq, Şərqi Zəngəzur və Qarabağ bölgəsində gənclər üçün məşğulluq sahələri düşünülməlidir. Həmin bölgədə demokratik vəziyyəti müsbət saldo üzrə dəyişməyə nail olaq. Həm də bu, işsizliyin xeyli qarşısını almış olar, əlavə iş yerlərinin açılması hesabına. Güman edirəm ki, bu istiqamətdə iş gedir, ölkə başçısı çox əsaslı addımlar atır. Yaxın perspektivdə həmin bölgədə açılan yeni iş yerlərinin hesabına bir qədər işsizlik məsələsinin aradan götürülməsində xeyli irəliləyiş əldə olunacaq.Sahə mütəxəssislərinin hazırlanması ilə də bağlı ciddi problem var. Yaxınlarda ölkə başçımız ixtisaslı miqrantların ölkəyə gəlişi ilə bağlı sərəncam imzaladı. Bu o deməkdir ki, elə sahələr var ki, bizdə həmin sahələr üzrə mütəxəssis qıtlığı var. Çox yaxşı olar ki, tələbələri xaricə göndərərkən Azərbaycan əmək bazarında ehtiyac olacaq sahələr üzrə fokuslanaq və ixtisaslı miqrantların gəlişinə ehtiyac olmasın. Çünki ölkəmizdə təbii artımda enmə dinamikası müşahidə olunur. Bu da mexaniki artımı təşviq edə bilər. Bu, ölkəmiz üçün həm əmək bazarı baxımından, həm genefon və milli təhlükəsizlik baxımından bir qədər çətinlik yarada bilər. Ona görə strateji planlaşma həyata keçirərək xaricə göndərilən tələbələrimizi məqsədəuyğun, əmək bazarımızın tələblərinə uyğun sahələr üzrə göndərmək lazımdır. Onların geri dönüşünü təmin etmək üçün burada münbit şərait yaratmaq lazımdır ki, onlar ölkəyə qayıtmaqda maraqlı olsunlar.Ümumiyyətlə, işsizlik məsələsi, məşğulluq məsələləri bütün ölkələrdə müzakirə olunur. Azərbaycan bu istiqamətdə xeyli addımlar atıb. İşsizlik məsələsinin aradan qaldırılması istiqamətində dövlətin möhkəm iradəsi var, uğurlu layihələr, addımlar atır. Güman edirik ki, yaxın və orta perspektivdə Azərbaycanın əmək bazarında məsələ müsbət həllini tapacaq və işsizlərin sayının bir qədər də azalması proqnozlaşdırılır".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər